AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
İdman.biz xəbər verir ki, yığıncaqda “Turan Tovuz” və “Difai”nin şikayətlərinə baxılıb.
Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyevlə bağlı apellyasiyası təmin edilməyib. Misli Premyer Liqasında XXX tur çərçivəsində keçirilən “Turan Tovuz” – “Sabah” oyununun 19-cu dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edən mütəxəssisisin cəzası qüvvədə saxlanılıb. Berdıyevin 3-ü şərti olmaqla 5 oyun cəzası və klubun 4000 manat cərimə olunması qərarı dəyişməz qalıb. Mütəxəssisə 3 ay sınaq müddəti təyin olunub.
“Difai”nin apellyasiya şikayəti qismən təmin edilib. I Liqada XX tur çərçivəsində keçirilən “Difai” – “Karvan” oyununda müvafiq Əsasnamənin tələblərinin pozulmasına görə klubun 50, oyun günü planının pozulmasına görə 100 manat cərimə edilməsi qərarı ləğv olunub. Məsələ yenidən baxılması üçün İntizam Komitəsinə qaytarılıb. Apellyasiya şikayətinin qalan hissəsi təmin edilməyib.
İdman.biz