"Ağır oyun alındı. Hər iki komanda meydançada yaxşı mübarizə apardı. Ümumi götürəndə, bilirdik ki, bizi hansı təhlükə gözləyir. Komandanı çətin oyuna hazırlaşdıranda, rəqibin üstün cəhətlərini bildirmişdik. Yolumuza davam edirik".
İdman.biz xəbər verir ki, "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Turan Tovuz"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 31-ci turu çərçivəsində öz meydanında 1:1 hesablı heç-heçəni şərh edib: "Çempionatın sonu yaxınlaşır, hər xal xalımızın üzərinə xal gətirir. "Turan Tovuz" rəqiblərimizdən biridir. Onlar da meydanda öz iddialarını göstərirdilər. Elə oyun gedirdi ki, hər iki komanda qalib gələ bilərdi. Heyətimiz geniş deyil. Zədəlilərimiz də var. Bu da rotasiyaya getməyə imkan vermir. Hakimlikdən danışmaq istəmirəm. Verdiyi qərara hörmətlə yanaşmalıyıq. Bu tip oyunlarda özünüz də görürsüz ki, hər iki komanda mübarizə aparır. Məncə, ikinci sarı vərəqə... Hakimlər özləri də deyir ki, ucuz sarı vərəqdir".
Qeyd edək ki, "Araz-Naxçıvan" 53 xalla 3-cü pillədə qərarlaşıb.
İdman.biz