"Bütün məğlubiyyətləri mənim üzərimə yıxmayın".
İdman.biz xəbər verir ki, bunu "Neftçi" komandasının baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XXXI turunda "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Azərbaycan derbisində uğursuz nəticənin səbəblərindən danışıb: "Azərbaycan derbisidir və "Neftçi" istəyən insanları başa düşürəm. Bu gün "Qarabağ"a uduzmağımız ağırdır, ancaq bu, o demək deyil ki, biz Avropaya çıxmağa layiq deyilik.
Oyuna yaxşı başlamışdıq. Təəssüf ki, bu il başımıza bəla olan fərdi səhvlərin ucbatından uduzduq. Bu matçda qol vurmaq üçün imkanlarımız olsa da, alınmadı. Soyuq başla təhlil edəndə görürük ki, rəqibin imkanları daha çox oldu. Qol buraxmaq məsələsinə gəldikdə isə bunlar mütəmadi hər oyunda olan proseslərdir".
- Son matçlarda Murad Məmmədova az şans verməyinizin səbəbi nədir?
- Murad oynadığı pis oyunlardan sonra özünə gələ bilmir. Ancaq bu o demək deyil ki, biz onu silmişik. Sadəcə son vaxtlar Muradı məşqlərdə tanıya bilmirik. Düzünü desəm, Aleksin yerinə Muradı oyuna buraxmaq fikrində idim. Rəhman zədələndiyinə görə, Elcan Əbilovu oyuna salmalı oldum. Murad güvəndiyim futbolçudur.
- Bu mövsüm “Zirə", "Araz-Naxçıvan", "Turan Tovuz" "Qarabağ"ı məğlub edə bilib. Avrokuboklara getmək istəyən "Neftçi" isə 4 oyunun hamısında onlara uduzub. Sizcə, bu "Neftçi" avrokuboklara getməyə layiqdir?
- Avrokuboklara getmək üçün şərt ancaq"Qarabağ"ı udmaq lazımdır məntiqini anlamıram. Əgər sizin üçün prioritet “Qarabağ"ı udmaqdırsa, “Kəpəz” heç-heçə ilə niyə Avropaya getmir?
Biz də istəyirik ki, yaxşı nəticə qazanaq. Nəzərə almaq lazımdır ki, “Qarabağ” köklü komandadır. Biz isə hər il dəyişən “Neftçi”yik. Bu tendensiyanı aradan qaldırıb yaxşı komanda olmaq niyyətindəyik.
- Rafael Quzzonun zədəsi nə qədər ciddidir?
- Düzü, ciddi zədəyə oxşamır. Dizində toqquşma oldu. Əvəzlənməyi özü istədi.
- Dembo Darbonu bu gün start heyətində oynatdınız. Bu addımı atmağınızın səbəbi nə idi?
- Dembo 2 aydan çoxdur ki, zədə səbəbindən oynamırdı. "Sabah"la kubok matçından öncə ritmdə qalması üçün bu addımı atdıq.
- Qarşıdakı matçda zədəlilərdən kimlər çıxış edə biləcək?
- Zədəlilərə müəyyən qədər vaxt verməliyik ki, tonusda qala bilsinlər. Zədəlilərin olması heyət qurarkən ciddi problemlər yaradır. Ümid edirəm ki, Kubok oyununda nəfslər üzərimizdən çəkilər və zədəlilər də sağalıb oynayar.
Aytac Sahəd
İdman.biz