"Bu gün stadionda tamamilə başqa ab-hava vardı".
İdman.biz xəbər verir ki, bunu "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXXI turunda "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis komandanın çıxışından razı qaldığını bildirib: "Azarkeşlərin dəstəyi mənim üçün çox xoş oldu, bu amil oyunçulara da əlavə motivasiya verdi. Futbolçularımı təbrik edirəm. Oyunlarından çox razı qaldım. Sona kimi sürəti, dinamikanı qoruyub saxlaya bildilər. Həmkarım Samirə də uğurlar arzulayıram. Onun üçün istədiyi futbolu göstərməsi asan deyil. Ancaq mən onu bir məşqçi kimi anlayıram".
- Kevin Medinanın yayda müqaviləsi bitir. Medina komandada qala bilərmi?
- 4 oyundur Medinanın olmaması o demək deyil ki, ondan razı deyiləm. Mateus Silva özünü yaxşı göstərdiyi üçün ona daha çox şans vermək istəyirəm. Səhv etmirəmsə, hələ bizimlə 2 illik müqaviləsi var. Çalışacağıq ki, qarşıdakı oyunlarda ona şans verək.
- “Səbail"lə matçdan sonra demişdiz ki, nə olursa-olsun oyun günü komandanın yanında olacam. Bu gün güləşçi Hacı Əliyevin obyektinin açılışında idiniz. Bu da ictimaiyyət arasında birmənalı şəkildə qarşılanmadı. Sizcə, İcraiyyə Komitəsindəki həmkarlarınız bunu yanlış anlamaz?
- Buna bir az fərqli yanaşmaq lazımdır. Bəzən oyun günü məşqlərimiz düşür. Digər tərəfdən İcraiyyə Komitəsində 10-15 dəqiqəlik iclas olmur. Orada saatlarla müzakirələr gedir. İclasda iştirak edə bilməyəcəyimi əvvəlki gündən bildirirəm. Biz bir-birimizi anlayırıq. Bu gün Hacının kiçik biznesinin açılışına gedib təbrik etdim, uğurlar arzulayıb tez də qayıtdım.
- Abbas Hüseynov rəqabətdə uduzduğu üçün onun mövqeyində Toral Bayramov oynayır?
- Abbas ikinci dəfə zədələnmişdi. Artıq komanda ilə məşqlərdə iştirak edir. Onu birdən-birə oyuna buraxmaq riskli ola bilər. Qarşıdakı oyunlarda şans verməyi düşünürük.
- Qalib gəlsəniz də, çoxlu qaçırdığınız qol epizodları oldu. Bu sizi narahat etmir?
- Xeyr. Bu məsuliyyətsizlikdən irəli gəlmirdi. Daha çox qol epizodları Kadidə oldu. Onun ustalığı həmin epizodlardan yararlanmağa imkan yaradır. Ümid edirəm gələcək oyunlarda daha dəqiq olar.
- Mövsümün sonunda Mahir Emrelinin "Nürnberq"lə müqaviləsi bitir. Onu yayda komandaya gətirmək fikriniz var?
- Mətbuatda oxudum ki, klubu ilə yeni müqavilə barədə danışıqlar aparır. Mahirlə bu haqda heç bir söhbətimiz olmayıb. Onun məqsədi Avropada oynamaqdır.
- Musa Qurbanlının keçmiş komandası "Yurqorden" Konfrans Liqasında yarımfinala yüksəldi. Musa oradan ayrılmağına peşman olmayıb?
- Bu haqda onunla söhbətimiz olmayıb. Belə halların olması futbolda normaldır. Geriyə yox, gələcəyə baxmaq lazımdır. "Budo Qlimt" yarımfinala çıxmağa layiq idi. Qalib gəlməyimizə baxmayaraq mənim diqqətimi cəlb etmişdi. Vaxtım olsa, ora təcrübəyə də gedərəm.
- Yassin Benzianı növbəti mövsümdə də komandada görmək istəyirsiz?
- Bəli. Hazırda danışıqlar gedir. Hələ vaxtımız var.
Aytac Sahəd
İdman.biz