Futbol birjada: Avropanın hansı klubları səhmlərini satır?

Təhlil
20 Aprel 2025 18:28
245
Futbol birjada: Avropanın hansı klubları səhmlərini satır?

Bu günlərdə Bakı Fond Birjasının Direktorlar Şurasının sədri Ruslan Xəlilov BFB-nin Azərbaycanın bir sıra futbol klubları ilə səhmlərinin birjada yerləşdirilməsi imkanları ilə bağlı danışıqlar apardığını açıqlayıb.

İdman.biz xəbər verir ki, idman brendlərinin birjaya çıxarılması ideyası yeni deyil, Avropada onlarla klub bu maliyyə sisteminə artıq uğurla inteqrasiya olunub.

Ən diqqətəlayiq nümunələrə baxaq.

"Mançester Yunayted"
Dünyanın ən tanınan futbol brendlərindən biri 2012-ci ildə Nyu-York Fond Birjasında səhmlərini biri 14 dollar dəyərində yerləşdirib. O vaxtdan bəri "Yunayted"in səhmləri qeyri-sabit dinamika nümayiş etdirir - qələbələr zəminində yüksəlir, qalmaqallar və uğursuzluqlar səbəbindən enir. 2023-cü ildə klubun satılması ilə bağlı sövdələşmənin iflasa uğraması ilə əlaqədar şayiələr səbəbindən səhmlər 18% ucuzlaşıb. Nəticədə indiki qiymət əvvəlkindən aşağıdır - təxminən 13,90 dollar.

"Borussiya" Dortmund
Səhmləri birjada satılan yeganə alman klubudur. Dortmund təmsilçisi bu işə 2000-ci ildə başlayıb. Klub şəffaf maliyyə siyasəti ilə seçilir və səhmlərinə sabit tələbat var. Bu, Avropa futbolunda açıq idarəetmənin etalon nümunəsi hesab olunur.

"Yuventus"
Turin klubunun səhmləri Milan birjasında satılır. Son illərdə səhmlərin dəyəri mühasibat fırıldaqları və idman uğursuzluqları ilə bağlı qalmaqallar fonunda ucuzlaşıb. Buna baxmayaraq, brend bütün dünyada yaxşı tanınan güclü aktiv olaraq qalır.

"Latsio"
İtaliyanın birjada ikinci klubu daha mülayim dalğalanmalar göstərir. Bu, ehtiyatlı transfer siyasəti və A Seriyasında davamlı qənaətbəxş nəticələrlə bağlıdır.

"Ayaks"
Amsterdam klubu səhmlərini 1998-ci ildə satışa çıxarıb. Bu gün səhmlərin təxminən 27%-i sərbəst dövriyyədədir. "Ayaks" öz akademiyası ilə tanınır və davamlı maliyyə modelini təmin edən istedadlı oyunçuların satışını müntəzəm həyata keçirir.

"Lion"
Fransa klubu 2007-ci ildə birjaya çıxıb. Sonradan səhmlərin 20%-i Çin investisiya fondu tərəfindən alınıb. Sərmayələr yeni stadionun tikintisinə və infrastrukturun inkişafına yönəldilib.

"Benfika", "Porto" və "Sportinq"
Portuqaliya futbolunun üç nəhəngi Lissabon birjasında satış həyata keçirir. Onlar təkcə Avropa yarışlarında iştirak etməklə deyil, həm də öz oyunçularını satmaqla pul qazanırlar ki, bu da biznes modelini davamlı və investorlar üçün cəlbedici edir.

"Qalatasaray" və "Fənərbaxça"
Bu klublar Türkiyədə səhmlərini satışa çıxaran ilklər arasında olublar. Daxili iqtisadi qeyri-sabitliyə baxmayaraq, böyük fanat bazası və ənənələri sayəsində investorların onların qiymətli kağızlarına marağı qalmaqdadır.

"Kopenhagen"
Danimarka klubu stadionu və digər aktivləri idarə edən "Parken Sport & Entertainment" şirkətinin bir hissəsidir. Bu, idman sektorunda uğurlu inteqrasiyanın nümunəsidir.

Azərbaycan futbolu üçün perspektivlər

Azərbaycan klublarının birjaya daxil olmaları bir sıra üstünlüklər vəd edir:

- İnvestisiyaların cəlb edilməsi. Səhmlərin yerləşdirilməsi klublara akademiyaların, stadionların, infrastrukturun inkişafı və transfer fəaliyyəti üçün əlavə vəsait cəlb etməyə imkan verəcək.

- İdarəetmənin şəffaflığı. Birjada ticarət korporativ standartlara uyğunluğu tələb edir ki, bu da həm azarkeşlərin, həm də sponsorların etibarını artırmağa kömək edəcək.

- Azarkeş bazasının genişləndirilməsi. Klubun səhmlərini almaq imkanı təkcə investorları deyil, həm də “ortaq sahib” olmaq istəyən sadiq azarkeşləri cəlb edəcək.

- Milli futbol imicinin yaxşılaşması. Bu, xüsusilə böyük beynəlxalq turnirlərə ev sahibliyi etmək və UFC-nin Bakıda debütü fonunda Azərbaycanın inkişaf etməkdə olan idman mərkəzi kimi statusunu gücləndirəcək.

- Maliyyə sabitliyi. Daimi hesabat, nəzarət və uzunmüddətli planlaşdırma klubları qısamüddətli maliyyə gəliri və sponsorların "kapriz"lərindən daha az asılı edəcək.

Hətta Azərbaycanın bir klubu belə uğurla birjaya çıxsa, bu, təkcə ölkənin futbol sənayesi üçün deyil, regionun bütün fond bazarı üçün dönüş nöqtəsi ola bilər.

İdman.biz