“Zirə”nin Avropaya yolu Tovuzdan keçir

Xəbərlər
21 Aprel 2025 11:15
270
“Zirə”nin Avropaya yolu Tovuzdan keçir

Azərbaycanı avrokubokların 2025/26 mövsümündə təmsil edəcək daha bir komandanın adına bu həftə aydınlıq gələ bilər.

İdman.biz xəbər verir ki, “Qarabağ”ın ardından “Zirə” də qitəmiqyaslı turnirlərə vəsiqə əldə edə bilər.

Rəşad Sadıqovun yetirmələri buna Misli Premyer Liqasında mükafatçılar sırasında yerini təmin etməklə nail olmağa yaxındır. 31 turdan sonra hesabında 61 xal olan “Zirə”ni Avropadan bir addım ayırır.

Qəsəbə klubu 4-cü yerdə qərarlaşan “Turan Tovuz”dan 13 xal öndədir. Zirəlilərə avrokuboka vəsiqəni təmin etmək üçün nəinki bu üstünlüyü qorumaq, hətta 12 xal öndə olmaq da yetərlidir. Çünki Bakı klubu xallar bərabər olacağı halda da əlavə göstəricilərdə Tovuz təmsilçisini üstələyəcək.

Qarşıdakı XXXII turdan sonra 4-cü pillədən 12 xal və ya daha çox öndə olmaq isə Tovuzdakı matçlardan asılıdır. Aprelin 25-də “Turan Tovuz” doğma meydanda “Şamaxı”ni qəbul edəcək. Meydan sahibləri qalib gəlməsə - hətta heç-heçə də etsə, “Zirə” qitə kuboklarına vəsiqə qazanmış olacaq.

“Turan Tovuz” öz stadionunda qalib gəlsə də, ertəsi gün həmin arenaya çıxacaq “qartallar” istəyinə çata bilər. Sadıqov və komandası bunun üçün autsayderlər qrupunda yer alan “Kəpəz”i məğlub etməlidir. Bir sözlə, böyük ehtimalla “Zirə” Avropaya Tovuzdan gedəcək.

Amma bakılıların Avropa Liqası yoxsa, Konfrans Liqasında oynaması özlərindən asılı deyil. Düzdür, hazırda “Zirə”nin Çempionlar Liqası şansı da qalıb. Amma bu imkanlar yalnız kağız üzərindədir və artıq qarşıdakı turda bitəcək.

Komandanın hansı turnirə qatılacağı sualına da həftə ərzində keçiriləcək kubok görüşlərində aydınlıq gələ bilər. Çempionluğun astanasında olan “Qarabağ” yarımfinalda “Araz-Naxçıvan” səddini keçə bilməsə və “Qızıl dubl” şansını itirsə, “Zirə” Konfrans Liqasına yollanacaq. Qəsəbə klubunun Avropa Liqasında oynaması isə yalnız çempionun kuboku qazanmasından asılıdır.

Qeyd edək ki, “Zirə” 1-ci pillədəki “Qarabağ”dan 15 xal geri qaldığı üçün çempionluq və Çempionlar Liqası şansı qarşıdakı turlarda (https://www.idman.biz/az/news/football/74066) rəsmən bitə bilər.

Vüqar Xeyrullayev
İdman.biz