Əsrin “xroniki xəstələyi”: “Neftçi” yenə mükafatsız qalıb

Xəbərlər
21 Aprel 2025 15:28
221
Əsrin “xroniki xəstələyi”: “Neftçi” yenə mükafatsız qalıb

Misli Premyer Liqasının XXXI turu “Neftçi”nin mükafat arzusunun üstündən xətt çəkib.

İdman.biz xəbər verir ki, “Qarabağ”la Azərbaycan derbisində 0:3 hesabı ilə uduzan Bakı klubunun mövsümü “üçlük”dən kənarda bitirəcəyi rəsmiləşib.

31 matçdan sonra hesabında vur-tut 35 xal olan “ağ-qaralar” 3-cü pillədəki “Araz-Naxçıvan”dan 18 xal geridədir. Ölkənin ən köklü klubu son 5 turun nəticəsindən asılı olmayaraq medal qazanmayacaq.

Premyer Liqada ən çox medal qazanan komanda ünvanını hələlik qoruyan “Neftçi” ardıcıl ikinci mövsümdə mükafatçılara kənardan baxacaq. Bakı klubu ötən çempionatda 5-ci olub.

Bununla da “Neftçi”nin XXI əsrdəki “xroniki xəstəliy”i davam edib. Komanda bir mövsüm medalsız qaldısa, növbəti çempionatda da “üçlüy”ə baxa-baxa qalır.

Belə “qara zolaq” ilk dəfə əsrin birinci onilliyinin sonlarında yaşanıb. “Neftçi”
2007/08, 2008/09 və 2009/10 mövsümlərində mükafata həsrət qalıb.

Növbəti medalsızlıq daha uzun sürüb. “Ağ-qaralar” ardıcıl üç çempionluqdan sonra adicə bürüncü 4 il gözləmək lazım gəlib. Komanda 2013/14, 2014/15, 2015/16 və 2016/17 mövsümlərini medalçılardan kənarda bitirib. Əsrin üçüncü seriyası ötən mövsüm başlayıb və cari çempionatda 2-yə çatıb.

Ümumiyyətlə isə “ağ-qaralar” 12 dəfə çempionatı əliboş başa vurub. 1993 və 1993/94 mövsümlərində də həsrət 2 il davam edib. Yalnız bir dəfə - 1997/98 mövsümündə belə uğursuzluq qısa sürüb.

Qeyd edək ki, “Neftçi” Azərbaycan çempionatlarında 9 qızıl, 5 gümüş və 6 bürünc medal əldə edib.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: