“Qarabağ” və “Neftçi” arasında keçirilən görüşlər yalnız sözdə derbi adlandırılır. Artıq derbidən söhbət belə gedə bilməz. Çünki “Qarabağ”ın həmin qarşılaşmalarda aşkar üstünlüyü var”.
İdman.biz xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında veteran futbolçu Adil Şükürov Misli Premyer Liqasının XXXI turunda “Qarabağ” və “Neftçi” arasında keçirilmiş oyun barədə danışarkən deyib.
O, “Qarabağ”ın əzəli rəqibinə böyük üstünlüklə qalib gəldiyini bildirib: “Ağdam klubunun oturuşmuş heyəti var. Komanda sıx qrafikdə oynamağa öyrəşib. “Neftçi” isə bundan əziyyət çəkir. “Ağ-qaralar” ard-arda eyni heyətlə matçlara çıxa bilmir. Hətta bu mövsüm onlar “Qarabağ”a da qol vura bilməyiblər. Samir Abasov da kollektivdə problemlərin çox olduğunu söyləyib. Baş məşqçinin istəklərini tam olaraq həyata keçirən futbolçuların olmaması hiss olunur. Bakı klubu artıq bütün diqqətini Azərbaycan Kubokuna yönəldib”.
Şükürov “Neftçi”nin müdafiə xəttində kifayət qədər səhvlərin olduğunu vurğulayıb: “Höccət Haqverdi ilə Yuri Matiasın qeyri-stabil çıxışı baş məşqçinin fikirlərini tam olaraq reallaşdırmağa imkan vermir. Hətta Matiasın bəzən etdiyi çılğın hərəkətlər məşqçilər korpusunun həftə ərzində çəkdiyi əziyyəti alt-üst edir. “Neftçi”nin hazırda yaxşı durumda olmaması təəccüblü deyil. Çünki bu, müdafiəçilərin uğursuz çıxışı ilə bağlıdır”.
Mütəxəssis paytaxt təmsilçisinin Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah”a qarşı keçirəcəyi cavab oyununa da toxunub: “Neftçi”nin kubokdakı nəticəsindən asılı olmayaraq, bumövsümkü nəticələr ürəkaçan deyil. “Sabah” favorit hesab olunur. Komanda stabil çıxış edir. Hücumda və müdafiədə etibarlı mübarizə aparır”.
Qeyd edək ki, “Qarabağ”–“Neftçi” görüşü Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
İdman.biz