Bir neçə gün əvvəl İFFHS Aleksander Sorlotun La Liqa tarixinə bir mövsümdə sonradan meydana çıxaraq ən çox qol vuran futbolçu olduğunu açıqlayıb.
İdman.biz Misli Premyer Liqasının cari mövsümündəki ən məhsuldar əvəzləyicilərlə bağlı araşdırma aparıb.
Çempionatın arxada qalan hissəsində keçirilən 31 turun 155 oyununda ümumilikdə 377 qol vurulub. Səkkiz avtoqolu nəzərə almasaq, rəqib qapılarından 369 top keçib.
Bu qollardan 58-i meydana sonradan daxil olanların hesabındadır. Bu, ümumi topların 15,7 faizidir.
Premyer Liqanın bütün klubları sonradan meydana daxil olanların qollarına sevinib. Bu göstəricidə aşkar lider var – “Qarabağ”.
Qurban Qurbanovun meydana sonradan buraxdığı futbolçular nə az, nə çox 19 qol vurub. Bu, əvəzləyicilərin ümumi qollarının az qala 1/3 hissəsini təşkil edir. İkinci olan “Zirə” təxminən 3 qat geri qalır.
1. “Qarabağ” - 19
2. “Zirə” - 7
3-4. “Turan Tovuz” - 6
“Neftçi” – 6
5-6. “Araz-Naxçıvan” – 5
“Kəpəz” – 5
7-8. “Sabah” – 3
“Sumqayıt” - 3
9-10. “Şamaxı” – 2
“Səbail” - 2
Cari mövsümdə 45 futbolçu meydana sonradan daxil olaraq baş məşqçisinin qərarını doğruldub. “Qarabağ”ın 11 oyunçusu bu baxımdan fərqlənib. “Turan Tovuz”da 6 əvəzləyici rəqib qapısına yol tapıb.
1. “Qarabağ” – 11
2. “Turan Tovuz” - 6
3-4. “Kəpəz” – 5
“Neftçi” – 5
“Zirə” – 5
6-8. “Sumqayıt” - 3
“Araz-Naxçıvan” – 3
“Sabah” – 3
9-10. “Şamaxı” – 2
“Səbail” – 2
Mövsümün gedişində 7 futbolçu 2 və ya daha çox qolu komanda yoldaşını əvəzlədikdən sonra vurub. Çempionatın bombardiri Lendro Andrade bu göstəricidə də hamıdan öndədir.
“Qarabağ”ın kabo-verdeli yarımmüdafiəçisi 4 dəfə oyuna sonradan daxil olaraq fərqlənib. Onun komanda yoldaşları Aleksey Kaşukla Abdullah Zubir hərəyə 3, Redon Cica 2 dəfə bunu bacarıb.
“Zirə”nin qol ümidlərindən David Volkov və “Araz-Naxçıvan”lı Bernardo Dias da üç oyunda fərqlənib. Filip Ozobiç “Neftçi”dəki qollarından ikisini sonradan meydana çıxaraq vurub.
1. Leandro Andrade - 4
2-5. Abdullah Zubir - 3
Aleksey Kaşuk - 3
Bernardo Dias – 3
Davit Volkov – 3
6-7. Redon Cica - 2
Filip Ozobiç – 2
Qeyd edək ki, mövsümdə yalnız bir dəfə meydana sonradan çıxan oyunçu dubla imza atıb. Leandro Andrade fevralın 11-də “Səbail”lə ev oyununun 66-cı dəqiqəsində oyuna girib və 24 dəqiqəyə 2 qol vurub.
Vüqar Xeyrullayev
İdman.biz