Dünyanın aparıcı futbol liqalarında baş məşqçilərə etimad çox aşağıdır.
İdman.biz xəbər verir ki, bu, CİES-in hesabatında yer alıb.
Qurum planetin 65 liqası ilə bağlı araşdırma aparıb. Bu çempionatlarda hazırda iş başında olan mütəxəssislərin 75,3 faizi indiki klubunda 1 ildən az çalışıb.
Misli Premyer Liqası da araşdırılan yarışlar arasında olub. Azərbaycan çempionatındakı göstərici orta rəqəmdən də pisdir. Ölkəmizdə 80 faiz mütəxəssisin postunda 1 ili tamamlanmayıb.
10 klubdan yalnız ikisində - Qurban Qurbanov “Qarabağ”da, Rəşad Sadıqov “Zirə”də uzun müddət çalışıb. Bu səbəbdən də Premyer Liqamızda 1-2 və ya 2-3 il aralığında çalışan baş məşqçi yoxdur.
Çempionatımızın çalışdırıcılarınınm postunda qalması ilə bağlı orta rəqəm də bəllidir. Premyer Liqa klubları baş məşqçini orta hesabla 483 gündür postunda saxlayıb. Amma bu orta rəqəm məhz Qurbanovla Sadıqovun sayəsində mümkün olub. Onlar müvafiq olaraq 2008-ci və 2020-ci ildən öz postlarındadır.
Ən acınacaqlı durum Kosta-Rika, Meksika və Ekvadordadır. Bu ölkələrin çempionatlarında 1 ildən artıqdır postunda qalan 1 nəfər də baş məşqçi qalmayıb. Avstraliya isə əks mənada birincidir. Burada mütəxəssislərin 30,8 faizi son bir ildə vəzifəyə gətirilib.
Baş məşqçilərin postunda qalma müddətində Bundesliqa rekordçudur. Almaniyada hər mütəxəssis orta hesabla 797 gündür vəzifəsindədir. Azərbaycan bu göstəricidə 65 liqa arasında 18-cidir. Kosta Rikada bu rəqəm 88 günə bərabərdir.
Qeyd edək ki, ən azı 3 il postunda qalanların çoxluğuna görə Almaniya və Danimarkanın 2-ci liqaları öndədir. Bu çempionatlarda mütəxəssislərin 33,3 faizi 3 ildən artıqdır postundadır.
İdman.biz