“Bizim üçün, “Neftçi” ailəsi üçün çətin gündür. Çünki çox çətin mövsüm keçirməyimizə baxmayaraq, Allah bizə azarkeşlərimizi sevindirmək şansı vermişdi. Bunun üçün finala çıxmaq lazım idi. Biz bunu bacara bilərdik”.
İdman.biz Futbolxeber.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Neftçi”nin müdafiəçisi Yuri Matias deyib.
Braziliyalı müdafiəçi Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Sabah”la 1:1 bərabərə qaldıqları görüşü belə şərh edib: “İlk hissədə çox yaxşı çıxış etdik. Rəqibdən daha üstün idik. Təəssüf ki, yaxaladığımız qol şanslarını dəyərləndirə bilmədik. Halbuki birinci 45 dəqiqədə bir neçə qol epizodumuz oldu. Nə etmək olar, bu, futboldur. Artıq irəli baxmalıyıq”.
O, finala yüksələ bilmədikləri üçün azarkeşlərdən üzr istəyib: “Kubok bizim üçün Avropaya yollanmaq baxımından son şans idi. Təəssüf ki, yarımfinalda mübarizəni dayandırmaq məcburiyyətində qaldıq. Buna görə çox məyusuq. Azarkeşlərimizdən üzr istəyirik. Onlar bizə sona kimi dəstək verdilər. Heç olmasa çempionatın son turlarında fanatlarımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
Matias hakimlər barədə geniş fikir bildirmək istəməyib: “Onlarla danışmaq mümkün deyil. Dərhal sarı vərəqə ilə cəzalandırırlar. Bilmirəm onların mənimlə nə problemi var. Ötən tur “Zirə” ilə matçda da heç nədən sarı vərəqə almışdım. Hakimlik barədə düşünmək istəmirəm. Meydanda yalnız və yalnız komandamın uğurunu düşünürəm”.
30 yaşlı futbolçu “Neftçi”də qalıb-qalmayacağı barədə sualı belə cavablandırıb: “Bu, mənim əlimdə deyil. Bu işlərlə menecerim məşğul olur. “Neftçi” ilə mövsümün sonuna kimi müqaviləm var. Bu barədə yekun qərarı klub verəcək”.
İdman.biz