Azərbaycan kubokunun final oyununun iştirakçıları müəyyənləşib.
İdman.biz xəbər verir ki, həlledici qarşılaşmada “Qarabağ”la “Sabah” üz-üzə gələcək.
Tarixində 12-ci dəfə finala yüksəlməklə rekord vuran Ağdam klubu ardıcıl 2-ci, ümumilikdə 9-cu kuboku başı üzərinə qaldırmaq əzmindədir. “Sabah” isə adını ilk dəfə finala yazdırıb.
Mayın 31-də keçiriləcək həlledici qarşılaşma öncəsi bəzi məqamlar diqqət çəkir. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşdə bəzi tendensiyalar davam edə, bəziləri qırıla bilər.
“Qarabağ” XXI əsrdə final matçına çıxdığı hər cəhdində kuboka sahib çıxıb. Ağdam klubu əvvəlki 24 ildə 7 dəfə belə nailiyyətə imza atıb.
Onlardan 6-sı indiki baş məşqçi Qurban Qurbanovla bağlıdır. Azərbaycan futbolunun ən titullu mütəxəssisi kubokun finalında məğlubiyyət nə olduğunu bilmir.
"Qarabağ”ın finaldakı son məğlubiyyəti isə 1999/2000 mövsümünə təsadüf edib. Həmin vaxt ağdamlılar “Kəpəz”lə görüşdə kuboka baxa-baxa qalıb – 1:2.
“Sabah” isə finalın debütantlarının “kabus”unu aradan qaldırmalıdır. XXI əsrdə start götürən heç bir mövsümdə ilk dəfə final görən komanda belə həyəcanı öncədən də yaşamış rəqibinə qalib gəlməyib.
Əsrlərin qovuşduğu 2000/01 mövsümü belə hadisənin yaşandığı son turnir olub. Həmin vaxt finalda “Şəfa” “Neftçi”ni 2:1 hesabı ilə məğlub edib. Maraqlı məqam ondan ibarətdir ki, həmin vaxt görüş indiki kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib.
Düzdür, sonrakı illərdə iki komanda elə ilk finalında kuboku başı üzərinə qaldırıb. Amma hər iki halda həlledici görüşün iştirakçılarının ikisi üçün də bu birinci final olub. 2004/05 mövsümündə “Bakı” ilə “İnter” (“Şamaxı”), iki il sonra “Xəzər Lənkəran”la “MKT-Araz” tarixlərində ilk dəfə yarımfinal səddini keçiblər. Təbii ki, finalın iki debütantı üz-üzə gəldiyi üçün hansısa komanda ilk cəhdində kuboka yiyələnib.
Final təcrübəsinə malik rəqiblə görüşən debütantların taleyi isə eyni olub – məğlubiyyət. “Şəfa”nın Sumqayıtda qazandığı kubokdan sonra “MKT-Araz”la “İnter”dən başqa, “Karvan”, “Qəbələ”, “Sumqayıt” və “Zirə”nin də “siftə”si kuboka baxmaqla keçib.
Qeyd edək ki, Sumqayıtdakı matç ölkə kuboku tarixində 31-ci final olacaq.
Vüqar Xeyrullayev
İdman.biz