Çempion harada müəyyənləşəcək: Zaqatalada, yoxsa Qəbələdə? - TƏHLİL

Xəbərlər
24 Aprel 2025 17:31
156
Çempion harada müəyyənləşəcək: Zaqatalada, yoxsa Qəbələdə? - TƏHLİL

Bu gün I Liqada XXIII tur start götürəcək.

İdman.biz xəbər verir ki, ilk oyun günündə iddiasızlar, sabah liderlər meydana çıxacaq.

55 xalla yarışın lideri olan “Qəbələ” MOİK-i qonaq edəcək. Zirvədən 14 xal uzaqlıqda olan “İmişli” 4-cü pillədəki “Zaqatala” ilə səfər matçına çıxacaq. 40 xala malik “Karvan” “Cəbrayıl”ı sınağa çəkəcək.

Sabahkı görüşlər I Liqada çempionun adına aydınlıq gətirə bilər. Böyük üstünlüyə malik “Qəbələ”nin 1-ci yeri sona 4 tur qalmış təmin etməsi real və gözləniləndir.

Kaxaber Tsxadadzenin yetirmələri həm evdə oynayır, həm də rəqib ortababdlr. Üstəlik, ilk məğlubiyyətini ötən tur alan “qırmızı-qaralar”ın 21 turluq seriyadan sonra ardıcıl iki dəfə uduzması inandırıcı deyil.

“Karvan”ın “Qəbələ”ni keçmək şansı qalmadığı üçün sonuncuların yeganə rəqibi “İmişli”dir. Düzdür, Yevlax təmsilçisi xallarını Qəbələnin eyniadlı klubuna çatdıra bilər. Amma əlavə göstəricilər “qırmızı-qaralar”ı əlçatmaz edir.

Bir sözlə, çempionun bilinməsi üçün “Qəbələ”nin “İmişli”dən də uzaqlaşması lazımdır. Bunun üçün MOİK üzərində qələbə kifayət edəcək. Tsxadadzenin komandası qələbə qazansa, qızıl medalları boynundan asacaq.

Amma “Qəbələ” oyunu bitirmədən də çempionluğu bayram edə bilər. 1 saat əvvəl başlayan görüşdə “İmişli” xal itirsə, “qırmızı-qaralar” MOİK-lə görüşün fasiləsində - soyunub-geyinmə otağında 1-ci yeri təmin edəcək. Bundan sonra qarşılaşmanın nəticəsi də önəmsiz olacaq. Zaqatalada qonaqlar qələbə qazansalar, “Qəbələ”yə 3 xal zəruridir.

Qeyd edək ki, “Zaqatala” – “İmişli” matçı saat 17:00-da, “Qəbələ” – MOİK oyunu 18:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz