Ekvadorun "Emelek" klubunun futbolçusu Cekson Rodrigesin evinə basqın olunub.
İdman.biz xəbər verir ki, silahlı cinayətkarlar onun arvadını və beş yaşlı uşağını qaçırıblar.
Polisin məlumatına görə, hadisə gecə saat 02:50 radələrində baş verib. O vaxt ailə yatsa da, birdən çöl qapısının kilidinin tıqqıltısı eşidilib. Bundan sonra Rodriges çarpayının altında gizlənib.
Polis polkovniki Edison Rodriges yerli mediaya məsələ ilə bağlı belə deyib: “Cinayətkarlar kimi axtardıqlarını dəqiq bilirdilər”.
Məlumata görə, basqınçılar futbolçunun həyat yoldaşından dərhal ərinin yerini soruşublar. O, Rodrigesin evdə olmadığını dedikdən sonra cinayətkarlar qadın və uşağı aparıblar.
Basqınçılar daha sonra pikapla qaçıblar. Rodriges maşının getdiyini görüb və polisə xəbər verib.
Ekvadorda idmançılar quldur dəstələri tərəfindən tez-tez hücuma məruz qalırlar. Keçən ilin dekabrında futbolçu Pedro Perlaza qaçırılsa da, bir neçə gün sonra cinayətkarlarla atışmadan sonra polis tərəfindən xilas edilib.
Cəmi on gün əvvəl Ekvador hökuməti ölkənin doqquz rayonunda fövqəladə vəziyyət elan edib. Siyahıda Quayakilin də daxil olduğu Quayas əyaləti də var.
Cənubi Amerika ölkəsi illərdir zorakılıq və cinayətlə üzləşib. Təkcə yanvar-mart ayları ərzində 2345 zorakı ölüm hadisəsi qeydə alınıb.
Fövqəladə vəziyyətin elan edilməsi hakimiyyət orqanlarına mütəşəkkil cinayətkarlıqla mübarizə üçün təhlükəsizlik qüvvələrini səfərbər etməyə imkan verir.
İdman.biz