Samir Musayev: “Neftçi” daxildəki problemləri həll etməlidir” - MÜSAHİBƏ

Müsahibə
24 Aprel 2025 16:36
177
Samir Musayev: “Neftçi” daxildəki problemləri həll etməlidir” - MÜSAHİBƏ

"Qarabağ"ın veteran futbolçusu Samir Musayevin İdman.biz-ə müsahibəsi

- Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vuruldu. “Qarabağ” və "Sabah" artıq finaldadır. Dünən baş tutan matçları necə dəyərləndirirsiniz?

- “Qarabağ” – “Araz-Naxçıvan” oyunun nəticəsində təəccüblənəcək bir şey yoxdur. İlk oyunda Ağdam təmsilçisinin məğlub olmasına baxmayaraq, yenə də kimdən soruşsaydın, onların finala keçəcəyini deyərdi. Belə də oldu. “Sabah” – “Neftçi” qarşılaşmasında isə vəziyyət bir qədər fərqli idi. Aşağı-yuxarı eyni səviyyədə komanda olduqlarına görə, hər an hər şey gözləmək olardı. Kimdə istək daha çox olsaydı, o da qalib gələcəkdi. Ancaq öncədən də düşünürdüm ki, “Sabah” ilk oyunda qazandığı nəticəni çətin əldən verə.

- “Qarabağ” - “Araz-Naxçıvan” matçında verilməyən penalti. Bu qərarın ədalətsiz olduğunu iddia edənlar var. Siz bu haqda nə düşünürsünüz?

- O penalti verilsə belə yenə də nəticə dəyişməyəcəkdi. Yenə də “Qarabağ” dörd qol vurub keçəcəkdi. Əgər biz hakimə inanmırıqsa, VAR sistemi var. Əgər VAR da penalti göstərmirsə, demək ki, yoxdur. İnanın, “Qarabağ”ın əleyhinə penalti təyin olunsaydı, millətin yarısı deyəcəkdi ki, yox idi. İstənilən halda, hakimin qərarına hörmətlə yanaşmalıyıq.

- Samir Abasovu istefaya səsləyənlərə qoşulursunuz?

- Mən həmişə demişəm və yenə deyirəm, məşqçi birillik təyin olunmamalıdır. Bunun ən real nümunəsi “Qarabağ” və Qurban Qurbanovdur. Heç bir məşqçi bir ilə heç nə qazana bilməz, bu, mümkün deyil. Klublarımız bu yanaşmanı dəyişməlidir. Məşqçi gəldi, nəticə vermədi, üç aydan sonra getsin. Belə bir şey olmur. Mütəxəssisə öz işini göstərmək üçün zaman lazımdır. Dünya futbolunda üç aydan bir məşqçi dəyişmir, bu, yalnız Azərbaycandadır. “Neftçi” bir ildə səkkiz məşqçi dəyişir. Bununla nəticə əldə etmək olmaz. Fikrimcə, Samir Abasova iki-üç il vaxt verilməli, ona yaşıl işıq yandırılmalıdır ki, öz heyətini formalaşdıra bilsin.

- Samir Abasov oyundan sonra təşkil edilən mətbuat konfransında da heyət məsələsini xüsusi olaraq vurğuladı. Sizcə, bu amil onun üçün qalxandır, yoxsa məğlubiyyətin əsas səbəbi?

- Mən onların daxili işlərinə qarışmaq istəmirəm. Ancaq bunu mütləq deməliyəm. Samir komandaya gələndə heyətdə kimlərin olacağını bilirdi, belə olan halda niyə əvvəlcədən razılaşırdı? Məsələnin bu tərəfini də demək lazımdır. Məşqçi gələndə ya heyətini qurmalıdır, ya da əlindəki heyətə görə futbol oynatmalıdır. Hər məşqçi öz oyun üslubuna uyğun heyət formalaşdırır.

- “Neftçi” artıq ikinci ildir ki, avrokuboklardan uzaq düşür. Sizcə, bu, komanda üçün adiləşə bilər?

- İnanmıram ki, bu cür davam edə. “Neftçi” ölkənin flaqmanı sayılır, köklü komandalarımızdan biridir. Əvvəlcə klub daxilindəki problemləri həll etməlidir. Belə olan halda yenə yüksək yerlər uğrunda mübarizə apara biləcəklər. Lakin nə qədər ki, bu çempionatda “Qarabağ” var, “Neftçi” də daxil olmaqla bütün komandalar sonrakı yerlər uğrunda mübarizə aparacaq.

- Necə düşünürsünüz, kubokun sahibi hansı komanda olacaq?

- “Qarabağ” həm çempionatda, həm də avrokuboklarda oynadığı dövrdə belə ölkə çempionatında rəqibi yox idi. Düşünün ki, indi komanda çempionluğunu həll edib, bütün gücünü kuboka qoyacaq. Sizcə, belə olan halda hansı nəticəni gözləmək olar? Çempionat başlayanda əvvəlcədən birinciliyi “Qarabağ”a vermək lazımdır ki, digər komandalar ikinci və üçüncü yerlər uğrunda mübarizə aparsınlar. Onsuz da sonda “Qarabağ” çempion olacaq. Məncə, bu il də “Qızıl dubl” edəcəklər.

Aytac Sahəd
İdman.biz