“Oyuna baxdım. İlk hissədə “Neftçi” yaxşı oynadı. İkinci hissədə isə “Sabah”ın üstünlüyü çox idi. Hətta bir neçə qol imkanlarını da dəyərləndirə bilmədilər”.
İdman.biz xəbər verir ki, bunu QOL.az-a açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Bahadır Nasimov deyib.
Özbəkistanlı hücumçu “Neftçi”nin Azərbaycan kubokunun yarımfinalının “Sabah”la cavab matçı (1:1) haqda fikrilərini bölüşüb. O, kubokda mübarizəni dayandıran keçmiş komandasında futbolçuların tam istəkli olmadığını bildirib:
“Neftçi”nin futbolçularında həvəssizlik görünür. Komandada özünəinam da yoxdur. Baxırsan ki, 4-5 futbolçu meydanda qaçır, qalanlarının isə istəyi yoxdur. Bilmirəm, niyə oynamaq istəmirlər. Əgər 90 dəqiqə mübarizə apara bilmirlərsə, deməli oyuna hazır deyillər. Oyundan əvvəl futbolçulardan soruşmaq lazımdır ki, meydana çıxmağa, sona qədər oynamağa hazırsanmı? Həm də baş məşqçi özü bilməlidir ki, hansı futbolçu bu oyuna hazırdır, hansı yox”.
Nasimov hazırda “Neftçi”də çıxış edən bir çox legionerin klubun səviyyəsinə uyğun olmadığını qeyd edib: “Neftçi”də 3-4 legioner var ki, yaxşı oynayır. Müdafiəçi Yuri Matiasın adını çəkə bilərəm. “Neftçi” futbolçuları ancaq pulu düşünməməlidir. Təəssüf ki, hazırda durum belədir. Amma onlar hansı formanı geyindiklərini fikirləşməlidirlər. Bu, “Neftçi”dir. “Neftçi”nin tarixi olduğunu bilməlidirlər. Turist kimi gəlib getməməlidirlər. Amma gəlib pul qazanıb gedirlər”.
Hazırda Özbəkistan Premyer Liqa təmsilçisi Səmərqənd “Dinamo”sunda çıxış edən 38 yaşlı forvard əvvəlki "Neftçi"ni görməyi arzulayır: "Artıq bir neçə ildir ki, "Neftçi"də heç nə alınmır. Mən arzu edirəm ki, növbəti mövsüm "Neftçi" çempionluq və kubok uğrunda mübarizə aparsın. Son illərdə komandada çox dəyişiklik olur. 10-12 futbolçu gəlir, o qədəri də komandadan gedir. Bu halda uğur qazanmaq çətindir. Futbolçular bir müddət birlikdə oynamalıdır ki, komanda kimi formalaşsınlar. Arzu edirəm ki, əvvəlki "Neftçi" geri qayıtsın".
İdman.biz