"Klubda olmasam da, "Sabah"ın bütün oyunlarını izləyirəm".
İdman.biz xəbər verir ki, bunu Sport24.az-a açıqlamasında "Sabah"ın sabiq baş məşqçisi Ramin Quliyev deyib.
43 yaşlı mütəxəssis "bayquşlar"ın Azərbaycan Kubokunun qalibi olacağını bildirib: "Sabah" ötən gün tarixdə ilk dəfə finala vəsiqə qazandı. Bu, komanda üçün uğurdur. İlk oyunda əldə olunan üstünlük finala vəsiqə qazanmaq baxımından həlledici oldu. Heç kim istəməzdi ki, finalda "Qarabağ"a rəqib olsun. "Qarabağ"ın gücü hamıya bəllidir. Amma "Sabah" dəfələrlə çempionat matçında "Qarabağ"a qalib gəlib. Həmin gün kimin əhval-ruhiyyəsi yaxşı olacaqsa, o da qazanacaq. "Sabah"ın mövsümü titulla başa vurmaq üçün əla şansı var. Mənə elə gəlir ki, Masazır təmsilçisi finalda qalib gələcək".
Qeyd edək ki, Vasili Berezutskinin çalışdırdığı komanda ölkə kubokunun yarımfinalında iki oyunun ümumi nəticəsinə görə "Neftçi"ni mübarizədən kənarlaşdırıb.
İdman.biz