İspaniya Kral kubokunda “Real Madrid” və “Barselona” arasında keçiriləcək final oyunundan əvvəl təkcə komandaların baş məşqçiləri deyil, həm də hakimlər mətbuat konfransı keçiriblər.
İdman.biz xəbər verir ki, finalı idarə edəcək hakim Rikardo De Burqos Benqoeçea suallardan birindən sonra göz yaşlarını saxlaya bilməyib.
Hakimə finala VAR köməkçisi təyin edilmiş həmkarı təsəlli verib.
Jurnalistin "Real Madrid"in klub televiziyasının Benqoeçeaya ünvanlanan şiddətli tənqidlərindən sonra uşaqların futbol hakimi olmaq istəməsi ilə bağlı sualına hakim belə emosional reaksiya verib: "Məktəbdə uşağınıza deyiləndə ki, atası oğrudur və onun evə ağlaya-ağlaya gəlməsı çox ağır mənzərədir. Edə biləcəyim tək şey oğlumu elə tərbiyə etməyə çalışmaqdır ki, bilsin, atası hər bir idmançı kimi səhv etsə də, əslində dürüst insandır.
Çox çətindir, bunu heç kimə arzulamazdım. Karyeramı bitirəcəyim gün istəyirəm ki, oğlum mənimlə və bizə dəyərlər aşılayan hakimliklə fəxr etsin.
Bir çox həmkarlarımın indi yaşadıqları ədalətsizlikdir. Bu, təkcə peşəkar futbola deyil, həm də uşaq-gənclər futboluna da aiddir. Hər kəs düşünməlidir ki, biz hansı istiqamətə getmək istəyirik, idmandan, futboldan nə istəyirik”.
Qeyd edək ki, Sevilyadakı "La Kartuxa" stadionunda keçiriləcək "Barselona" - "Real Madrid" finalı bu gecə Bakı vaxtilə 00:00-da start götürəcək.
İdman.biz