Bu gecə futbolsevərlərin diqqəti "El Klasiko"ya yönələcək.
İdman.biz xəbər verir ki, "Barselona" və "Real Madrid" 2025-ci il İspaniya Kral kubokunun qalibini müəyyənləşdirəcəklər.
Rəqiblərin bu mövsüm La Liqa və İspaniya Super kubokunda keçirilən iki qarşılaşmasında "Barsa" böyük hesablarla qalib gəlib - müvafiq olaraq, 4:0 və 5:2.
İspaniya Kral kubokunun finalında isə 8-ci dəfə "El Klasiko" olacaq.
Əvvəlki finallarda "Real"ın 4, "Barsa"nın isə 3 qələbəsi var. 2011 və 2014-cü illərdəki son qarşılaşmalarda da Madrid klubu qalib gəlib - müvafiq olaraq, 1:0 və 2:1.
On bir il əvvəlki matçda Qaret Beylin 85-ci dəqiqədə sol cinahdan solo keçidlə vurduğu məşhur qolu, yəqin ki, azarkeşlər yaxşı xatırlayırlar.
Kubokda ilk "El Klasiko" finalı uzaq 1936-cı ildə keçirilib və "Real"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Daha sonra "Barselona" 1968-ci ildə "Santiaqo Bernabeu"da 1:0 qalib gələrək qisas almağı bacarıb.
1974-cü ildə "Real" katalon klubunu 4:0 hesabı ilə məğlub etsə də, 1983-cü ildə gərgin keçən görüşdə "Barsa" daha güclü olub - 2:1.
"Barselona"nın Kral kubokunun finalında "Real" üzərində sonuncu qələbəsi isə 1990-cı ilə təsadüf edib - 2:0.
Qeyd edək ki, Sevilyadakı "La Kartuxa" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtilə gecə 00:00-da start götürəcək.
İdman.biz