Finalda əcnəbi küləyi – TARİXƏ BAXIŞ

Xəbərlər
26 Aprel 2025 15:28
44
Finalda əcnəbi küləyi – TARİXƏ BAXIŞ

Başa çatmaqda olan həftə Azərbaycan kubokunda finalçıların müəyyənləşməsi ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, tarixində ilk dəfə həlledici matça vəsiqə qazanan “Sabah” bu uğura Vasili Berezutski ilə imza atıb.

Rusiyalı mütəxəssis adını Azərbaycan kubokunun finalına yazdıran azsaylı legionerlər məşqçilər sırasına yazdırıb. Onadək buna o qədər də çox təsadüf olunmayıb.

İki il sonra
Azərbaycan kubokunun finalçısı olan son əcnəbi Laurentsiu Regekampf olub. Rumıniyalı iki il əvvəl “Neftçi” ilə “Qəbələ” önünə çıxıb. Həmin matçdakı məğlubiyyət mütəxəssisin istefası, “ağ-qaralar”ın titulsuz günlərinə davam edib.

Cığıraçan
Final həyəcanı yaşayan ilk legioner isə Anatoli Konkov olub. Ukraynalı 2004/05 mövsümündə “İnter”lə həlledici matça çıxıb. Amma “bankirlər” “Bakı” ilə qarşılaşmadan məğlub ayrılıblar.

İlk və yeganə
Əcnəbilərin kubokda ilk titulu 2009/10 mövsümünə təsadüf edib. “Bakı”da müvəqqəti baş məşqçi vəzifəsini icra edən Cüneyt Biçer “zolaqlılar”la titul əldə edib. O, finalda “Xəzər Lənkəran” üzərində qələbəni bayram edib. Biçer azərbaycanlı həmkarı ilə finalda qalib olan ilk və yeganə legionerdir.

Əcnəbi finalı
Xarici mütəxəssislər daha iki dəfə Azərbaycan kubokunu qazanıblar. Amma hər iki halda finalçıların ikisi də əcnəbi olub. 2010/11 mövsümündə Mirça Rednikli “Xəzər Lənkəran” Kaxaber Tsxadadzenin “İnter”ini kuboka həsrət qoyub. Yeddi il sonra ukraynalıların finalında Yuri Maksimovun “Keşlə”si Roman Qriqorçuklu “Qəbələ”dən üstün olub.

İkiqat uğursuzluq
Final həyəcanı yaşayan 12 xarici mütəxəssisdən ikisi bu həyəcanı təkrar yaşayıb. Valentin Xodukin “İnter”i 2007/08 və 2008/09, Roman Qriqorçuk “Qəbələ”ni 2016/17 və 2017/18 mövsümlərində finala qədər daşıyır. Amma hər iki final seriyası ardıcıl iki məğlubiyyətdən ibarət olub.

13 final, 3 kubok
Ümumiyyətlə, legioner baş məşqçilər 13 finalda 3 qələbə görüb, 10 dəfə uduzublar. Ukraynalılar 7 finalda 1 qələbə, rumıniyalılar 2 finalda 1 qələbə görüblər. Həlledici görüş türkiyəliyə sevinc, Uels, Gürcüstan və Rusiya təmsilçilərinə üzüntü gətirib.

İkinci rusiyalı
Berezutski Azərbaycan kubokunun finalına çıxan ikinci rusiyalı baş məşqçisidir. 2013/14 mövsümündə buna Yuri Syomin nail olub. Təcrübəli mütəxəssisin çalışdırdığı “Qəbələ” finalda “Neftçi” ilə bacarmayıb.

Qeyd edək ki, Berezutskili “Sabah” mayın 31-də keçiriləcək finalda Qurban Qurbanovun çalışdırdığı “Qarabağ”la üz-üzə gələcək.

Vüqar Xeyrullayev
İdman.biz