Sərxan Hacıyev: "UEFA ilə Türkiyə arasında sıx əməkdaşlıq işləri görüləcək"

Xəbərlər
26 Aprel 2025 16:21
46
Sərxan Hacıyev: "UEFA ilə Türkiyə arasında sıx əməkdaşlıq işləri görüləcək"

"İstanbulda UEFA-nın nümayəndəliyinin açılması Türkiyədə baş tutacaq nüfuzlu turnirlərlə əlaqədar tərəflərin əməkdaşlığının tərkib hissəsidir".

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev UEFA-nın Türkiyədə nümayəndəliyinin fəaliyyətə başlaması ilə əlaqədar təşkil olunan tədbirdə iştirakı ilə bağlı deyib.

Qurum rəsmisi UEFA-nın qardaş ölkədə müxtəlif layihələr həyata keçirəcəyini vurğulayıb: “Türkiyə Futbol Federasiyası tədbirin yüksək səviyyədə təşkil olunması üçün əlindən gələni etmişdi. Bildiyiniz kimi, 2026-cı ildə UEFA Avropa Liqasının, 2027-ci ildə isə UEFA Konfrans Liqasının final oyunu qardaş ölkədə keçiriləcək. Bundan başqa, 2032-ci ildə Avropa çempionatına Türkiyə və İtaliya birgə ev sahibliyi edəcək. Bu nüfuzlu tədbirlərlə bağlı UEFA ilə Türkiyə arasında sıx əməkdaşlıq işləri görüləcək. Həmçinin regionda futbolun inkişafı ilə bağlı UEFA-nın müxtəlif layihələri olacaq. İstanbul nümayəndəliyinin açılması da bunların tərkib hissəsi idi”.

Hacıyev tədbirdə UEFA, həmçinin Türkiyə prezidenti ilə yanaşı, bir sıra ölkələrin Futbol Federasiyalarının rəhbərlərinin iştirak etdiyini söyləyib: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndəliyin açılış mərasimində iştirak etdi. O, öz xeyir-duasını verdi, nümayəndəliyə fəaliyyətində uğurlar arzuladı. Həmçinin tədbirdə UEFA prezidenti Aleksander Çeferin və bir sıra Avropa və Asiya Futbol Federasiyalarının rəhbərləri iştirak etdi”.

İdman.biz

Məqalədə: