"Mançester Yunayted"in keçmiş futbolçusu MMA-da debüt edir - VİDEO

Xəbərlər
26 Aprel 2025 18:14
59
"Mançester Yunayted"in keçmiş futbolçusu MMA-da debüt edir - VİDEO

"Mançester Yunayted"in və Fransa millisinin sabiq müdafiəçisi Patris Evra MMA-da ilk döyüşünə hazırlaşır.

İdman.biz xəbər verir ki, 43 yaşlı idmançı 2025-ci il mayın 23-də Parisdəki "Accor Arena"da "PFL Europe 2" turnirində debüt edəcək.

Rəqibin adı hələ açıqlanmasa da, Evra uruqvaylı futbolçu Luis Suareslə oktaqonda görüşmək arzusunda olduğunu bildirib.

Qarşıdakı debütü haqqında danışan Evra fikirlərini belə ifadə edib: "Rəsmi olaraq PFL turnirində ilk döyüşümə hazırlaşıram. Mənim üçün rəqib seçəcəklər. Kiminlə görüşmək istədiyimi soruşdular və Luis Suaresin adını çəkdim. Bu döyüşə görə öz cibimdən də vəsait ödəməyə hazıram və o, hətta məni dişləyə də bilər".

Evra 2016-cı ildə döyüş məşqlərinə başlayıb və PFL döyüşçüsü Sedrik Dumbe ilə birlikdə hazırlaşıb. Onun debütü Parisdə Mansu Barnaui, Arçi Kolqan və Teylor Lapilusun da iştirak edəcəyi gecənin bir hissəsi olacaq.

2018-ci ildə futboldan gedən Evra karyerası ərzində beş dəfə İngiltərə çempionu olub və "Mançester Yunayted"lə Çempionlar Liqasını qazanıb. İndi o, MMA-da uğur qazanmağa çalışır.

İdman.biz