“İmişli futbol ənənələri ilə seçilən, yüksək liqada çıxış etmiş, sadiq azarkeş ordusuna sahib olan bölgələrimizdəndir. Bu gün bizə inanan hər kəs, bütün futbolsevərlər elitaya qayıtdığımız üçün böyük sevinc yaşayır. Böyük futbolun yenidən rayonumuza qayıdışı bütün azarkeşlərimizi həyəcanlandırır”.
İdman.biz xəbər verir ki, bu sözləri futbolinfo.az-a açıqlamasında “İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlov deyib.
Artıq Premyer Liqaya vəsiqəni təmin edən komandanın hazırlığına da toxunan Mürsəlov vurğulayıb ki, “İmişli” bütün oyunlara ciddi şəkildə yanaşır: “Son matçlarda xüsusi motivasiya və əzmkarlıqla mübarizə aparırıq. Məqsədimiz çempionatı ikinci pillədə başa vurmaqdır. Hədəfimiz Premyer Liqada əzmkarlıq nümayiş etdirən bir komanda qurmaqdır və bu istiqamətdə işlərimiz davam edir”.
Gələcək planlardan danışan klub rəsmisi heyətdə dəyişikliklərin olacağını da istisna etməyib: “Komandamızı gənc və təcrübəli yerli futbolçulardan, həmçinin legionerlərdən formalaşdırmağı düşünürük. İddialı bir komanda yaradaraq qarşımıza qoyduğumuz hədəflərin öhdəsindən gələcəyimizə inanıram. Heyətdə rotasiyalar və əlavə transferlərin olması gözlənilir. Hər bir uğurun arxasında insanların zəhməti, alın təri və əzmkarlığı dayanır. Bizim də uğurumuzun əsas amili qarşımıza qoyduğumuz məqsəd uğrunda hər kəsin bir yumruq kimi birləşməsi və uğur üçün əlindən gələnin ən yaxşısını etməsi olub”.
İdman.biz