"Bizim üçün ağır oyun alındı. Kubokdan sonra 3 gün vaxtımız var idi. Komanda olaraq son oyunları 4-5 gündən bir oynadığımıza görə bu gün meydanda dinamika baxımından çox aşağı səviyyədə oyun göstərdik. Amma çempionatın sonudur. Ümid edirik ki, qarşıdakı matçlarda yaxşı dincəlib, analiz edib, oyunlara hazırlaşacağıq".
İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 32-ci turunun "Səbail"lə(1:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, komandaya tapşırıq olmur ki, sırf müdafiəyə otursunlar: "Futbolçuları da başa düşürük, onlar ağır tsikldə oynayırdılar. Heyətimiz də geniş deyil. Çox da rotasiyalara gedə bilmirdik. Futbolçularımın göstərdiyi oyunu da kiçiltmək niyyətində deyilik. Komandamıza yenə də inanırıq. Qarşıdakı matçlarda daha dinamik, daha sanballı "Araz-Naxçıvan" görəcəyimizə inanıram. Komanda sezon ərzində əziyyət çəkib. Bura kiminsə gücünə gəlməmişik. Futbolçuların gücü, iradəsi sayəsində bu yerlərdəyik. Ancaq komanda şəklində daha artığını etməliyik ki, istədiyimiz hədəfə çataq".
Baş məşqçi Premyer Liqanın son 12 matçında cəmi 1 qələbə qazanmalarına da münasibət bildirib: Əvvəlki qələbələri kimsə bizim yerimizə qazanmayıb, özümüz qazanmışıq. Futbolda belə hallar qaçılmazdır. İndi də 6 zədəli futbolçumuz var. Hamısı da əsas heyət üzvüdür. Futbolda sıxıntılar yaşaya-yaşaya nəticədən uzaq durursan. Amma komanda çalışır. Hər şey özümüzdən asılıdır".
Elmar Baxşıyev əlavə edib ki, elə oyunlar olub, bəlkə də 6-7 qol vura bilərlər, sadəcə dəyərləndirmədə bir az axsama var: "Komandanın sırf az qol vurduğu da sadəcə statistikadır. Biz daim hücumdayıq, hücumda olmağa çalışırıq. Mənim öz söz atmağıma gəlincə, siz fərqli düşünürsüz. Mən heç kimə söz atmıram. Sadəcə bəzən reallığı çox adam görmək istəmir. Əgər keçən oyuna qayıtsaq, etirazımı normal qarşılamaq lazımdır. Oyunun içində olan adamam, gördüyümü sizinlə bölüşməliyəm. Fikrimcə, kubok görüşündə bizə qarşı hakim haqsızlıqları var idi. Ona kimsə göz də yuma bilər, fərqli düşünə də bilər. Biz gördüyümüz şeylər başqadır, amma qərar verən biz deyilik. Ümid edirəm ki, bizi hansısa yolla saxlamağa çalışmazlar".
İdman.biz