“Qarabağ” növbəti Azərbaycan çempionluğunu təmin etdiyi Premyer Liqanın 32-ci turunda “Sabah”la heç-heçə edib - 1:1.
İdman.biz xəbər verir ki, çempion komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb.
O, əsl çempionluğa layiq oyun olduğunu vurğulayıb: "Bir illik əziyyətdən sonra belə bir uğur əldə etdik. Buna görə çox sevinirik. Baxmayaraq ki, çempionluğun sayı çoxdur, amma futbolçularım bu sabitliyi qoruya bilirlər. Buna görə oyunçularıma təşəkkür edirəm".
Rəqib haqqında da danışan Qurbanov “Sabah”ın həmişə onda xoş təəssürat yaratdığını bildirib: "Sürətli, texnikalı oyunçuları var. Bu komandayla qarşılaşanda həmişə yaxşı analiz etmək lazımdır. Yaxşı, düşünülmüş hücumlara çıxırlar. Hansı ki, ani diqqətsizlik qapımızda qolla nəticələnə bilər".
"Qarabağ"ın baş məşqçisi komandada mümkün köklü dəyişikliklərlə bağlı suala belə cavab verib: "Köklü dəyişikliklər bir az ağır gəlir. Biz duruma uyğun hərəkət etməliyik. Bütün heyəti dəyişmək çox çətindir. Hansı kollektivlə işləmişəmsə, inanın ki, onlardan heç birini göndərmək istəmirik. Çünki onların əziyyəti böyükdür. Amma ümumiyyətlə, gedişata baxıb addımlar atacağıq. Müəyyən dəyişikliklər gözlənilir, amma bu o demək deyil ki, komandanı bütövlükdə dəyişəcəyik".
Qurbanov həmçinin mümkün transferlər və növbəti Çempionlar Liqası barədə də danışıb: "Ümumiyyətlə, klub rəhbərliyi ilə hər dəfə müzakirələr aparırıq. Diqqətimiz daha çox yay transfer pəncərəsinə yönəlib. İllər boyu 4-5 oyunçu ilə danışıqlar aparmışıq, amma sonda görürsən ki, ikisini gətirə bilmişik. Futbolçular bu gün daha çox Avropaya meyl edir. Ümumiyyətlə, oyunçu gətirmək çətindir. İstəyirik ki, hər mövqeyə futbolçu transfer edək. Planlarımız var ki, bir neçə oyunçu gətirək. Bəzi futbolçular olub ki, onunla uzun müddət danışıqlarımız olub, razı salmaq üçün çox çalışmışıq. Futbolçu karyerası qısadır. Ona görə onlar burada ürəkdən çıxış edirlərsə, mən də müəyyən kompromislərə getməliyəm.
Çempionlar Liqası ilə bağlı isə hələ ki, fikir bildirə bilmərəm. Buna vaxtımız var. Amma ümumiyyətlə, istəyirik ki, hər bir turnirdə uğurlu nəticə qazanaq”.
İdman.biz