“Qarabağ” Misli Premyer Liqasında finişə dörd tur qalmış növbəti çempionluğunu təmin edib.
İdman.biz xəbər verir ki, "Sabah"la oyundan (1:1) sonra klubun prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb.
"Qarabağ"ın rəhbəri gözəl və baxımlı oyun izlədiklərini vurğulayıb: "Hesab bərabərləşəndə bir az həyəcan keçirdik. “Sabah” da çox gözəl kollektivdir. Kubokun finalında da möhtəşəm bir oyun gözləyirəm. Bilirəm ki, “Sabah” ora çox güclü gələcək. Çünkü onlar üçün avrokuboklara yollanmaq baxımından yeganə yol budur”.
Tahir Gözəl komandanın baş məşqçisi Qurban Qurbanovla çox gözəl anlaşdıqlarını bildirib: “Sabah”la kubok oyunundan sonra baş məşqçimizlə görüşüm olacaq. Onunla yeni transferlərlə bağlı müzakirələr aparacağıq. Qurban müəllim də bilir ki, mən bir prezident olaraq daim onun arxasındayam.
UEFA Çempionlar Liqasında çıxış etməyimiz sevindirici haldır. Püşkün nəticəsini gözləyəcəyik. Ötən il də gördüyünüz kimi, çox çətin rəqiblər düşmüşdü. Gözləyək, görək bu il kimlərlə qarşılaşacağıq".
İdman.biz