“Qarabağ” daha bir möhtəşəm mövsümü arxada qoymağa yaxınlaşır. Komandamız Premyer Liqanın sonuna 4 tur qalmış ardıcıl 4-cü, tarixində 12-ci dəfə çempionluğu qazandı”.
İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözel deyib.
Ağdam təmsilçisi 12-ci dəfə Azərbaycan çempionluğunu qazanıb. “Qarabağ” qızıl medalları Misli Premyer Liqasının XXXII turunun “Sabah”la oyunundan (1:1) sonra təmin edib.
Gözel növbəti çempionluğun ardından klubunun saytına açıqlama verib. O, komandanı və azarkeşləri növbəti uğurlu mövsüm münasibətilə təbrik edib: “Çempionatın qalibi adının finişə bir neçə tur qalmış qazanılmasına baxmayaraq, bu titulun asanlıqla əldə edildiyini demək olmaz. Çünki bütün rəqiblərimiz bizimlə oyunlara motivasiya ilə çıxır, əzmkarlıqla mübarizə aparırlar. Buna səbəb komandamızın ildən-ilə daha da inkişaf etməsi, Avropa səviyyəli kluba çevrilməsidir. Uğurlarımız artdıqca, rəqiblərimizin bizə qarşı motivasiyası da böyüyür. Çempionatdakı komandalar daha güclü olduqca, qarşılarında daha güclü “Qarabağ” görürlər. Qazanılan ardıcıl çempionluqlar, Avropadakı uğurlu nəticələr klub daxilində yaratdığımız birliyin nəticəsidir. Klubumuz üçün mənəvi dəyərlər daim ilk sırada olub. Bunun da sayəsində daim ön sıralarda yer almışıq. Komandamız dünya və Avropa reytinqlərində Azərbaycanın ən yaxşısı kimi möhkəmlənib. Üstəlik, bir sıra adlı-sanlı Avropa təmsilçilərini, ölkəmizdə yetərincə azarkeşi olan xarici klubları arxada qoymağı bacarır. Həm nəticələr, həm nüfuzlu reytinq siyahılarındakı mövqeyi ilə “Qarabağ” Avropada sayılıb seçilən, hörmətlə yanaşılan kollektivlər sırasında yer alıb. Bütün bunlar da rəhbərliklə baş məşqçimiz Qurban Qurbanov başda olmaqla bütün klubun birgə əməyinin bəhrəsidir. “Qarabağ”da rəhbərlikdən, baş məşqçidən sıravi işçiyə kimi hamının arasında böyük mənəvi birlik var. Azərbaycan futbolu üçün rekord olan sayca 12-ci çempionluq münasibətilə İdarə Heyətini, Qurban Qurbanov başda olmaqla məşqçilər heyətini, futbolçularımı, klubumuzda çalışan hər kəsi, ürəyi “Qarabağ”la döyünən bütün azarkeşlərimizi təbrik edirəm”.
Gözel avrokubok mövsümü və növbəti hədəflərə də toxunub: “Çempionatda qazanılan titula qədər komandamız Avropada da sözünü dedi. Çempionlar Liqasında Bolqarıstanda “Lüdoqorets” üzərindəki parlaq qələbə ilə pley-offa yüksələn “Qarabağ” növbəti dəfə bütün qitədə özündən söz etdirdi. Komandamız ardıcıl 11-ci dəfə qitə kuboklarının əsas mərhələsinə yüksəldi. İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsində qitənin adlı-sanlı komandaları ilə 8 görüşə çıxan azarkeşlərini mübarizəsi, gözəl oyunu ilə həyəcanlandırdı. Rəqiblərimizdən altısının – “Tottenhem”, “Ayaks”, “Lion”, “Olimpiakos”, “Bodo Qlimt” və FCSB-nın növbəti mərhələyə adlaması nə qədər güclü komandalarla qarşılaşdığımızı göstərir. Üstəlik, növbəti dəfə rəqiblərimizdən biri avrokubokların finalında oynayacaq. “Tottenhem” və Norveçdə məğlub etdiyimiz “Bodo Qlimt” yarımfinala qədər irəliləyərək bu raundda üz-üzə gələcək ki, onlardan da biri həlledici görüşə vəsiqə qazanacaq. İstər Avropada, istər çempionatda qazanılan uğurlar komandamızı yeni hədəflərə səsləyir. Bizi Azərbaycan kuboku uğrunda final matçı gözləyir. Bu görüşü səbirsizliklə və həyəcanla gözləyirəm. “Sabah” çox güclü komandadır. Finaldakı rəqibimiz yaxşı heyətə malikdir. “Sabah” ildən-ilə daha da güclənir. Əlbəttə, bu, futboldur. Biz də finala köklənmişik. “Qarabağ” daha bir titul qazanmağa, ardıcıl ikinci dəfə mövsümü “Qızıl dubl”la bitirməyə çalışacaq. İndiyədək 8 dəfə ölkə kubokunu başı üzərinə qaldıran komandamız 9-cu uğuru əldə etmək istəyir. “Sabah” da avrokuboklara vəsiqə üçün bu qarşılaşmaya böyük önəm verir. Bu matçın azarkeşlər üçün gözəl futbol bayramına çevriləcəyinə inanırıq. Bundan sonra növbəti mövsümə hazırlığa böyük motivasiya və inamla başlayacağıq. Çempion adını yenidən qorumaq, Avropada tarixlər yazmağa çalışacağıq. Qarabağın adını qitədə həmişə layiqincə təmsil etmək ən vacib hədəflərimizdəndir. Biz bu adı daim məsuliyyətlə və layiqincə daşımışıq. Bu adın Azərbaycan üçün dəyərini dərk edirik və onu daha da yüksəklərə ucaltmaq üçün mübarizə aparacağıq. Komandamıza güvənirəm və inamım böyükdür. Komanda da mənə və rəhbərliyə inanır. Bu qarşılıqlı inam bizi daha da irəli aparır və aparmaqda davam edəcək”.
İdman.biz