Zirədə gümüş savaşı

Xəbərlər
28 Aprel 2025 12:12
171
Zirədə gümüş savaşı

Bu həftə Misli Premyer Liqasının 2024/25 mövsümünün daha bir mükafatının sahibi bəlli ola bilər.

İdman.biz xəbər verir ki, “Qarabağ”ın qızıl medalı təmin etdiyi XXXII turundan ardından gümüş də sahibini tapmağa yaxındır.

İkinci yeri tutacaq komandanın artıq XXXIII turda müəyyənləşməsi mümkündür. 64 xalla turnir cədvəlində yalnız “Qarabağ”dan geri qalan “Zirə” mövqeyini qorumaq üçün yaxşı imkanlara malikdir.

Rəşad Sadıqovun yetirmələri 3-cü pillədəki “Araz-Naxçıvan”ı 10 xal qabaqlayırlar. Qəsəbə klubuna gümüşü təmin etməsi üçün XXXIII turdan sonra da bu üstünlüyü qoruması, hətta fərqin 9-a enməsi də kifayətdir.

Onda “qartallar” sona 3 tur qalmış 2-ci yeri tutacaq. Xal fərqi 9 olsa belə, qələbə sayındakı böyük fərq əlçatmazlığı təmin edəcək.

Zirənin eyniadlı təmsilçisi XXXIII turun açılış oyununda meydana çıxacaq. Sadıqovun komandası öz meydanında “Turan Tovuz”u qəbul edəcək.

Düzdür, qonaqlar da mükafat və avrokubok üçün mübarizə aparır. Amma yaxşı formada olan bakılılar Zirə İdman Kompleksinin stadionuna gümüş üçün çıxacaq. “Zirə” qalib gəlsə, digər matçların nəticələrindən asılı olmayaraq ardıcıl 2-ci mövsümdə gümüş qazanacaq.

Paytaxt təmsilçisinin qələbə qazanmadan da gümüşü təmin etməsi istisna deyil. Əgər “Zirə” heç-heçə etsə və ya uduzsa, gözləri “Liv Bona Dea Arena”ya yönələcək. Bir gün sonra – mayın 3-də “Sabah”ı qəbul edəcək Naxçıvan təmsilçisi qələbə qazana bilməsə, gümüş xəyalı ilə rəsmən vidalaşacaq. Bir sözlə, “Zirə”nin gümüş qazanması üçün ya özü qalib gəlməli, ya da “Araz-Naxçıvan” xal itirməlidir. Bu iki şərtdən biri də ikinciliyin taleyi üçün yetərli olacaq.

Qeyd edək ki, mayın 2-də keçiriləcək “Zirə” – “Turan Tovuz” matçı saat 20:00-da, ertəsi gün baş tutacaq “Araz-Naxçıvan” – “Sabah” oyunu 19:30-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz