Lider dəyişib: “Qızıl buts” kimin olacaq?

Xəbərlər
28 Aprel 2025 12:30
191
Lider dəyişib: “Qızıl buts” kimin olacaq?

Avropanın milli çempionatlarının ən məhsuldar futbolçusuna təqdim olunan “Qızıl buts” uğrunda mübarizədə lider dəyişib.

İdman.biz xəbər verir ki, “Sportinq”in isveçli ulduzu Viktor Qyokereş 1-ci pilləni ələ keçirib.

26 yaşlı hücumçu Portuqaliya çempionatının “Boavişta” ilə səfər oyununda (5:0) pokerə imza atıb. Bununla da qol sayını 38-ə çatdıran Qyokereşin aktivindəki xallar 57-yə yüksəlib.

O, “Livepul”la İngiltərə çempionatında 28 dəfə fərqlənən Məhəmməd Salahı keçib. Misirli hücumçunun 56 xalı var.

Mövsümün sonuna qədər “Sportinq” üç, “Liverpul” dörd oyun keçirəcək. Sıralamada 3-cü olan Robert Levandovski “Barselona”dakı 25 qolla 50 xala malikdir.

Qeyd edək ki, “Qızıl buts” uğrunda mübarizədə futbolçuların qol sayı liqanın səviyyəsinə uyğun əmsala vurulur. Həm Salah, həm Levandovskinin oynadığı liqalarda bu əmsal 2-yə, Qyokereşin çıxış etdiyi çempionatda 1,5-ə bərabərdir.

İdman.biz