“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla müdafiəçisi Bəhlul Mustafazadə arasında yaşanan xoşagəlməz hadisəyə aydınlıq gəlib.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev İdman.biz-ə açıqlamasında 12-ci çempionluğun qazanıldığı “Sabah”la matçdan sonra baş verənlərə münasibət bildirib.
O, çempionluq münasibətilə soyunub-geyinmə otağında futbolçuları təbrik edən Qurbanovun Mustafazadənin yanından ötməsini, müdafiəçinin əsəbdən əlindəkini yerə çırpmasına rəğmən komandada problem olmadığını vurğulayıb: “Qurban Qurbanov klubun bəzi işçiləri və futbolçuları ilə stadionda görüşdüyü üçün paltardəyişmə otağında ikinci dəfə görüşməyib. Bəhlulla da həmçinin. Üstəlik, futbolçu həmin vaxt əlindəki sarğını açırdı. Hazırda komandada yüksək əhval-ruhiyyə var. Növbəti çempionat oyunlarına hazırlaşacağıq. Nəinki Bəhlulla, ümumiyyətlə heç bir futbolçu ilə hər hansı komandadaxili problem yoxdur. Hər şey yüksək səviyyədədir”.
Qeyd edək ki, baş məşqçi ilə aralarında problemin olduğu iddia edilən Bəhlulun “Qarabağ”la ötən ilin mayında imzaladığı 3 illik müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Aytac Sahəd
İdman.biz