“Neftçi” “şlaqbaum” qarşısında: Avropa xəyalı Sumqayıtda “dəfn olunacaq”?

Xəbərlər
28 Aprel 2025 16:00
198
“Neftçi” “şlaqbaum” qarşısında: Avropa xəyalı Sumqayıtda “dəfn olunacaq”?

Bu gün Misli Premyer Liqasının XXXII turuna yekun vurulacaq.

İdman.biz xəbər verir ki, turun son günündə “Sumqayıt” “Neftçi”ni qəbul edəcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç Bakı klubunun avrokubok xəyalının bitməsi ilə nəticələnə bilər. Düzdür, “ağ-qaralar”ın Konfrans Liqası şansları onsuz da sıfıra yaxındır. Amma Samir Abasov və komandası kağız üzərində şanslarını, möcüzəyə ümidlərini saxlayırlar.

Paytaxt təmsilçisinin Avropaya yolu yalnız o halda açılacaq ki, özləri çempionatda 4-cü yeri tutsunlar, kuboku isə “Qarabağ” qazansın. Amma bunun üçün “Neftçi”yə son 5 oyunda 5 qələbə və rəqiblərin ardıcıl uğursuzluqları lazımdır.

Abasovun komandası istənilən xal itkisi ilə üzləşdikdə 4-cü yer şansını rəsmən itirəcək. Çünki 35 xala malik “ağ-qaralar” hazırda “Turan Tovuz”dan 14 xal geri qalır.

Bu gün Sumqayıtda itiriləcək xallar “Neftçi”nin avrokubok xəyalını rəsmən dəfn edəcək. Şansını ən azı növbəti tura qədər uzatmaq üçün bakılılar bugünkü “şlaqbaum”u keçməlidir.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu saat 20:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz