Şahin Diniyev: “Çempionatın bitməsinə ya iki tur, ya beş tur qalmış bu baş verəcəkdi”

Xəbərlər
28 Aprel 2025 14:51
190
Şahin Diniyev: “Çempionatın bitməsinə ya iki tur, ya beş tur qalmış bu baş verəcəkdi”

“Qarabağ” çempionluğa layiqdir”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis “Qarabağ”ın Misli Premyer Liqasının 2024/25 mövsümünün qalibi olmasından danışıb. O bildirib ki, bu nəticə gözlənilən idi: “Qarabağ”ın çempionluğu təsadüf deyil. Çempionatın bitməsinə ya iki tur, ya beş tur qalmış bu baş verəcəkdi. Artıq bir neçə ildir Ağdam təmsilçisi çempionatda dominantlıq edir. İstər maliyyə, istər heyət, istərsə də klubun infrastrukturu cəhətdən komanda bu qələbəyə layiq idi”.

Diniyev Azərbaycan çempionatının son dörd turunda gözlənilməz nəticələrin ola biləcəyini vurğulayıb: “Bundan sonra çempionatda üç intriqa qalıb. Birincisi, Premyer Liqadan düşmək ehtimalı olan “Səbail” və “Kəpəz” arasında gedəcək. Riyazi hesablamalara əsaslansaq, Bakı klubunun hələ ki, şansı var. “Səbail” bundan sonra dörd oyundan ən azı üçündə udmalı, “Kəpəz” isə dörd oyunun hamısını uduzmalıdır. Bir sözlə, hələ mübarizə bitməyib. Kubokda “Sabah” qalib gələrsə, çempionatda dördüncü yer tutmağın heç bir önəmi qalmayacaq və həmin pillənin sahibi avrokuboklara gedə bilməyəcək. Həmçinin üçüncü yer uğrunda “Araz-Naxçıvan”la “Turan Tovuz” arasında gedən mübarizə də gərgin keçəcək”.

Qeyd edək ki, Azərbaycan çempionunun adına XXXII turda aydınlıq gəlib. “Qarabağ” mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib. İzləyiciləri üçün əlçatmaz olan Ağdam klubu ardıcıl 4-cü, tarixində 12-ci dəfə Azərbaycan çempionu adına sahib çıxıb. “Qarabağ” son 12 ildə 11-ci qızıl medala yiyələnib.

Aytac Sahəd
İdman.biz