“Hesabda geri düşdüyümüz an komandamız üzərində heç bir təzyiq hiss etmədik. Özümüzə inanırdıq və bilirdik ki, qarşıda hələ bir hissə də var. Bu da bizə əlavə güc verdi. Nəticə etibarilə, ikinci yarıda biz də qol vurmağı bacardıq və oyunda tarazlıq yaratdıq”.
İdman.biz xəbər verir ki, bu fikirləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in futbolçusu Gitay Sofir söyləyib.
25 yaşlı yarımmüdafiəçi “Araz-Naxçıvan”la baş tutan və 1:1 hesabı ilə nəticələnən oyun barədə fikirlərini bölüşüb: “Matç ərzində bir neçə yaxşı qol imkanımız oldu. Bəzi epizodlarda hesabı dəyişmək və hətta geridönüş edərək qələbə qazanmaq şansını da əldə etdik. Təbii ki, əsas istəyimiz üç xal qazanmaq idi. Lakin ümumi götürdükdə, bir xalı da pis nəticə hesab etmirik. Hər xal bizim üçün dəyərlidir”.
Sofir qarşıda onları gözləyən növbəti oyun barədə də danışıb: “Bizi “Şamaxı” ilə çox vacib qarşılaşma gözləyir. Artıq elə bir mərhələdəyik ki, hər matçda maksimum gücümüzü ortaya qoymalıyıq. Çünki səhvlərə yer yoxdur, zaman daralıb. Əsas məqsədimiz qələbə qazanmaq və elitadakı mövqeyimizi qoruyaraq mübarizəni sonadək davam etdirməkdir”.
İdman.biz