“Neftçi”nin sabiq braziliyalısı: “Qarabağ”ın hegemonluğunu görüb üzülürəm”

Xəbərlər
29 Aprel 2025 13:55
255
“Neftçi”nin sabiq braziliyalısı: “Qarabağ”ın hegemonluğunu görüb üzülürəm”

“Futbolda qazandığım təcrübəni uşaqlara öyrətmək məni xoşbəxt edir”.

Bunu İdman.biz-ə “Neftçi”nin sabiq futbolçusu Bruno Bertuççi deyib.

Bu günlərdə 35 yaşını qeyd edən braziliyalı həyatında hər şeyin qaydasında olduğunu bildirib. Futbolçu karyerasını bitirən Bertuççinin sözlərinə görə, hazırda məşqçilik fəaliyyəti ilə məşğuldur: “Futbol məktəbim var. Bu işi görməkdən məmnunam. 10 aylıq gözəl bir qızın atası olmaq isə məni daha çox xoşbəxt edir”.

O, sabiq komandasını tez-tez xatırladığını və bacardığı qədər “Neftçi”nin oyunlarını izlədiyini deyib: “Ağ-qaralar”ın bir müddətdir ki, çempionluq uğrunda mübarizə aparmadığını, “Qarabağ”ın ölkədə total hegemonluğa malik olduğunu görüb üzülürəm. Mənim vaxtımda biz ölkənin ən yaxşı komandası idik və tarix yazmağı bacarmışdıq. Komandanın hazırda niyə bu vəziyyətdə olması haqqında uzaqdan fikir söyləmək mənim üçün çətindir. Ümid edirəm ki, “Neftçi” yenidən titullar uğrunda mübarizə aparıb əvvəlki gücünü qaytara biləcək”.

Bertuççi Bakı təmsilçisinin heyətində çıxış etdiyi dövrün karyerasında xüsusi yer tutduğunu da vurğulayıb: “İmkan olduqca sabiq komanda yoldaşlarımla danışıram. Flavinyo və Denis Silva ilə daha çox ünsiyyətdə oluruq. Azərbaycana və onun xalqına böyük məhəbbətim var. Orada olduğum dövr həyatımda xüsusi bir an idi. Nə vaxtsa ailəmlə birlikdə Azərbaycana getmək, qızıma məni sevindirən yerləri göstərmək istəyirəm. Bir gün mümkün olarsa, əfsanəvi “Neftçi” futbolçuları ilə yoldaşlıq oyunu keçirmək arzusundayam”.

Qeyd edək ki, Bertuççi 2012-2014-cü illərdə “Neftçi”nin formasını geyinib və 2 dəfə Azərbaycan çempionu adını qazanıb.

Aytac Sahəd
İdman.biz