Avropa Liqasında çıxış edəcək Azərbaycan klubunun I təsnifat mərhələsinin püşkatması zamanı hansı səbətdə yer alacağı bəlli olub.
İdman.biz xəbər verir ki, təmsilçimiz səpələnməmişlər sırasında yer alacaq.
Buna səbəb turnirə qatılmaq şansını qoruyan komandaların UEFA klub reytinqindəki əmsallarının aşağı olmasıdır. Hazırda üç klubumuz bu yarışa vəsiqəyə iddia edir.
“Sabah” bunun üçün kubokun finalında “Qarabağ”a qalib gəlməlidir. “Zirə” isə 2-ci yeri qorumalı və finalda “Qarabağ”dan qələbə gözləməlidir. “Araz-Naxçıvan”ın Avropa Liqası ehtimalı yalnız kağız üzərindədir. Bölgə təmsilçisi özü “Zirə”ni keçib 2-ci olmalı, kuboku Ağdam klubunun əldə etməsinə bel bağlamalıdır.
Hər üç klubun əmsalları aşağıdır. “Zirə” və “Sabah”da bu rəqəm 4,000-ə bərabərdir. “Araz-Naxçıvan” avrokubokların debütantı olduğu üçün ölkə reytinqinə əsasən verilən 3,925 xalla kifayətlənir. Hər üç variantda Azərbaycan klubu səpələnməmişlər sırasında yer alacaq.
Yeri gəlmişkən, I təsnifat mərhələsində 18 komanda mübarizə aparacaq. Onlardan 9-u səpələnmiş, 9-u səpələnməmiş olacaq.
Hələlik yalnız bir klub – “Aktobe” bu mərhələyə vəsiqə qazanıb. Qazaxıstan klubu səpələnməmişlərdən biridir. Kosovo təmsilçisi də Azərbaycan komandası ilə birlikdə bu səbətə düşəcək. Digər 15 klub adı kimi səbəti də dəqiqləşməyib.
Qeyd edək ki, avrokubokların I təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.
Vüqar Xeyrullayev
İdman.biz