Şimallıların yüksəliş yolu cənubdan keçir

Təhlil
29 Aprel 2025 20:07
195
Şimallıların yüksəliş yolu cənubdan keçir

Azərbaycan çempionatının I Liqasına vəsiqə qazanan daha bir komandanın adı sabah bəlli ola bilər.

İdman.biz xəbər verir ki, “Şimal” II Liqanı “üçlük”də tamamlamaq imkanına malikdir.

Bir il əvvəl Region Liqasından II Liqaya yüksələn Xaçmaz təmsilçisi daha bir addımın astanasındadır. “Şimal” 22 oyunda topladığı 49 xalla hazırda 3-cü sıradadır.

Xaçmazlılar 4-cü olan “Hypers Guba”nı 10, “Şəmkir”i 11 xal qabaqlayır. Hər üç komanda XXIII turun matçına sabah çıxacaq.

“Şimal” cənub səfərində “Lerik”in qonağı olacaq. Xaçmaz təmsilçisi bu görüşdə qalib gəlsə, 1-ci liqaya yüksələcək.

Şimallılara digər nəticələrlə də I Liqaya vəsiqə qazana bilər. Bunun üçün “Hypers Guba” evdə “Dinamo”ya, “Şəmkir” səfərdə “Araz-Saatlı”ya qalib gəlməməlidir.

Qeyd edək ki, “Şimal”a qədər “Şahdağ Qusar” və “Şəfa” da I Liqaya vəsiqə əldə edib. 4-cü yerin sahibi isə pley-offda oynayacaq.

Vüqar Xeyrullayev
İdman.biz