“Formula-1”in cari mövsümü 24 Qran-Pridən ibarətdir.
İdman.biz xəbər verir ki, getdikcə daha çox ölkə mərhələnin keçirilməsinə maraq göstərsə də, təşkilatçılar yarışların sayını artırmayacaqlar.
Bunu “ Liberty Media” icraçı direktoru Qreq Maffei açıqlayıb: “Bu il biz Çində əla yarış keçirdik. Biz Cənub-Şərqi Asiyada irəliləmə imkanlarını görürük. Tailand, İndoneziya və Cənubi Koreya “Formula-1”in mərhələsinə ev sahibliyi etməyə maraq göstərir. Bəs indi bütün bu yarışları keçirə bilərikmi? Xeyr, çünki 24 Qran-Pridən ibarət təqvimlə məhdudlaşırıq. Hazırkı müqavilə mərhələlərin sayını 25-ə qədər artırmağa imkan verir. Amma razılaşdıq ki, mərhələlərin sayında 24-ü aşmayaq. Eyni zamanda, biz tarixi treklər və yeni yarışlar arasında düzgün balans tapmağa çalışırıq. “Formula 1” və bizim üçün hər şey yaxşı olacaq”.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də baş tutacaq.
İdman.biz