Formula-1 həvəskarları üçün xüsusi fürsət: Fan Zona və konsert biletləri satışda

Xəbərlər
2 Sentyabr 2024 20:48
116
Formula-1 həvəskarları üçün xüsusi fürsət: Fan Zona və konsert biletləri satışda

Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2024 üçün “Fan Zona Biletiləri” və” Konsert Biletləri” satışa çıxarılıb.

İdman.biz xəbər verir ki, biletləri Bakı Şəhər Halqasının rəsmi veb saytından və ya mobil tətbiqindən əldə edmək mümkündür.

Hər il yenilənən əyləncə zonasındakı bulvar səhnəsində canlı musiqi performansları, müxtəlif zonalarda qurulmuş oyunlar, simulyatorlar, virtual reallıq təcrübələri, rəqslər yarış həftəsonunda fanatlara əsl festival ab-havası bəxş edəcək. Azarkeşlər Formula-1-in bütün aktivasiyalarını bu il Fan Zonada görə biləcək, Fan Forumda pilotları və onların komandalarını izləmək fürsəti əldə edəcəklər.

Foto həvəskarları üçün quraşdırılmış iri Formula-1 dekorasiyaları, retro maşınların sərgisi, canlı heykəllər, “selfie” zonalar Formula-1-dən ən yaddaqalan kadrlar çəkmək üçün mükəmməl fürsət təqdim edir.

Əyləncə zonasında böyüklərlə yanaşı, uşaqlar üçün də müxtəlif növ oyunlar və fəaliyyətlər təklif olunur.

Bu gündən etibarən yarış həftəsində baş tutacaq konsert proqramlarına ayrıca biletlərin satışına start verilib. Sentyabr 13-14-də keçiriləcək möhtəşəm konsertlərdə, musiqi dünyasının ən böyük ulduzları Will Smith, Black Coffee və J Balvin çıxış edəcək.

Formula-1 Azərbaycan Qran Prisinin möhtəşəm atmosferini yaşamaq və həyacanını birbaşa hiss etmək istəyirsinizsə, “Fan Zona Bileti” və “Konsert Biletləri” sizin üçün mükəmməl bir fürsətdir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-də keçiriləcək.

İdman.biz