"Vəziyyəti çox acınacaqlıdır".
İdman.biz "Daily Mail"ə istinadən xəbər verir ki, bunu almaniyalı pilot Mixael Şumaxerin ailəsinə yaxın olan RTL jurnalisti Feliks Görner onun səhhətindən danışarkən deyib.
Almaniyalı jurnalist yeddiqat Formula 1 çempionunun daimi qayğıya ehtiyacı olduğunu bildirib: "O, tamamilə himayəçilərindən asılıdır. Artıq fikirlərini ifadə edə bilmir. Hazırda ən çox 20 nəfərin onunla əlaqəsi var. Fikrimcə, bu, düzgün strategiyadır. Axı ailə Mixaelin maraqlarından çıxış edir. Ailəsi həmişə onun şəxsi həyatını gizli saxlayıb və bu davranış dəyişməyib".
"Daily Mail" nəşrinin bu məlumatı 2023-cü ilin dekabrında - Şumaxerin zədə almasının onuncu ildönümündə onun vəziyyətinin “çox acınacaqlı” olduğunu bildirən Görnerin həmin sözlərinə əsaslanaraq yaydığı istisna edilmir. Sözügedən müsahibədə jurnalist Şumaxerin hərəkət edə və fikirlərini ifadə edə bilmədiyini vurğulamışdı.
Şumaxer 2013-cü ilin dekabrında Fransa Alp dağlarında xizək sürərkən ağır kəllə-beyin travması alıb. Qəzadan sonra o, uzun müddət komada olub, süni nəfəs aparatına qoşulub.
56 yaşlı Şumaxerin hesabında Formula 1-də 7 çempionluq, 91 qələbə (Hamiltondan sonra ikincidir), 155 fəxri kürsü və 68 poul mövqeyi var.
İdman.biz