Vitali Borisov: “İşimiz çətin olacaq”

Xəbərlər
4 İyul 2024 17:13
221
Vitali Borisov: “İşimiz çətin olacaq”

“Rəqiblərimizlə bağlı hazırda dolğun informasiyamız yoxdur. Ancaq Estoniya və İsveçdə futzal oynayan, bu sahədə çalışan dostlarımız var”.

İdman.biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov deyib.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verən mütəxəssis Çempionlar Liqasının püşkatmasına münasibət bildirib: “Yəqin ki, onların vasitəsilə müəyyən bilgilər əldə edəcəyik. Əsas narahatlıq yaradan məsələ qrup oyunlarının keçiriləcəyi ölkənin uzaq məsafədə yerləşməsidir. Bu da istər-istəməz yol yorğunluğu yaradacaq. Digər skandinaviyalılar kimi İsveçdə də futzal inkişafdadır. Nəzərə alsaq ki, doğma meydanda oynayacaqlar, deməli, bu amili də xeyirlərinə çevirməyə çalışacaqlar. Əvvəlki illərdən fərqli olaraq, reqlamentə əsasən, ancaq qrup qalibləri növbəti mərhələyə yüksələcək. Ona görə işimiz çətin olacaq. Bu gündən rəqiblərlə bağlı məlumatlar toplamağa başlayacağıq. Çünki heyətlərindən xəbərimiz yoxdur. Yaxın günlərdə komandamızın hazırlıq planı və transferləri də bəlli olacaq”.

Qeyd edək ki, Naxçıvan təmsilçisi 2024/25l mövsümünə İsveçdə start verəcək. Təmsilçimiz ilkin mərhələnin H qrupunda meydan sahibi “Uddevalla”, “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) klubları ilə də üz-üzə gələcək. Oyunlar avqustun 20-dən 25-dək keçiriləcək.

İdman.biz

Məqalədə: