Fərid Abbasov: “Səhvlərimizi aqressiv şəkildə qarşılamayaq"

Xəbərlər
21 Sentyabr 2024 10:36
417
Fərid Abbasov: “Səhvlərimizi aqressiv şəkildə qarşılamayaq"

“İlk oyunda olduğu kimi, ikinci görüşdə də mübarizə apardıq”.

İdman.biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Fərid Abbasov deyib.

O, təlim-məşq toplanışı çərçivəsində Çexiya ilə keçdirdikləri hər iki oyunu şərh edib.

Matç zamanı debüt edən futzalçı bildirib ki, komanda olaraq bir-birilərinə dəstək olmağa çalışıblar: “Səhvlərimizi aqressiv şəkildə qarşılamayaq. Düzdür, hər iki oyunda məğlub olduq. Burada da əsas səbəb kimi təcrübəsizliyi qeyd edərdim. Təsəvvür edin ki. Yeni bina tikilir, gəlmişik tikintidə çalışmağa və heç kim bir-birini tanımır. Komandamızda da bunu yavaş-yavaş yoluna qoyacağıq. Əsas odur ki, masajçıdan tutmuş həkimə, baş məşqçiyə qədər inam var. Bu iki oyunda 4 futzalçı debüt elədi ki, onlardan biri də mən oldum. Həyəcan var idi, amma dərin deyildi. Çünki ötən il U-19 millimizdə Avropa çempionatının seçmə oyunlarında kapitan kimi iştirak etmişdim. Az da olsa, təcrübə toplamışam”.

O, klubda inkişaf etməyinə kömək edən məşqçilərinə – Elvin və Teymur müəllimə təşəkkür edib: “Vitali Borisov da şans verdi. Çalışdım onun etimadını doğruldum.

Oyunlar yaxşı mənada yaddaşıma həkk oldu. Mübarizə apardıq, qol ötürməsi verdim. Komandamızın ən gənc üzvü kimi matçın ən yaxşısı seçilməyim isə uğurlu başlanğıcın cücərtiləridir. İnşallah, rəsmi matçlara qədər daha yaxşı vəziyyətdə olacağıq. Əlbəttə, yenidən Avropa çempionatının final mərhələsində iştirak etmək istərdik”.

Qeyd edək ki, hazırda Zlin şəhərində təlim-məşq toplanışında olan Azərbaycan millisi Çexiya ilə keçirdiyi ilk yoxlama matçında 0:3, ikinci görüşdə isə 2:6 hesabı ilə məğlub olub. F.Abbasov ikinci yoxlama matçının ən yaxşı futzalçısı seçilib.

İdman.biz

Məqalədə: