Ağatahir Əzimov: “Legionerlərə görə bir nəslin sonu gəldi”

Xəbərlər
5 Noyabr 2024 14:24
139
Ağatahir Əzimov: “Legionerlərə görə bir nəslin sonu gəldi”

“Millinin oyunu haqqında deməli çox şey yoxdur”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futzalçısı Ağatahir Əzimov deyib.

Təcrübəli mütəxəssis yığmamızın yoxlama oyununda Bosniya və Herseqovinaya 0:7 hesablı məğlubiyyətini şərh edib. O bildirib ki, özü oynadığı vaxtlarda milli braziliyalıların hesabına nəticə verib: “Komandada Joze Alesio Da Silva baş məşqçi işlədiyi zamanda da istedadlı yerli futzalçılarımız var idi. Amma onların yerinə əcnəbilər oynadıldığı üçün bir nəslin sonu gəldi. Bu səbəbdən hazırda kifayət qədər keyfiyyətli futzalçılarımız yoxdur. Bu məğlubiyyətlərdə Vitali Borisovun günahının olduğunu düşünmürəm. Bir çox futzalçı artıq minifutbola üz tutub. Çünki orda maliyyə yaxşıdır. Futzal çempionatımız isə çox zəifdir. Nə qədər ki, sponsorların maddi dəstəyi olmayacaq, bu belə də davam edəcək”.

Əzimov gələcəyə nikbin baxdığını da vurğulayıb: “Aşağı yaş qruplarında futzalçılar yetişir. Əsas millinin çoxu U-19-un üzvlərindən ibarətdir. Əgər gələcəyimizin yaxşı olmasını istəyiriksə, onlara dəstək göstərməliyik”.

Qeyd edək ki, futzal millimiz bu gün Bosniya və Herseqovinaya qarşı növbəti oyunu keçirəcək. Matç saat 22:00-da başlayacaq.

Emin Ağa
İdman.biz