“Bu gün futzalda ciddi oyunçu qıtlığı yaşanır”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futzalçısı Rəcəb Fərəczadə deyib.
O, yığmanın yoldaşlıq görüşlərində Bosniya və Herseqovinaya uduzduğu oyunları (0:7, 1:5) şərh edib. O bildirib ki, məğlubiyyətlərin səbəbləri çoxdur: “Yerli oyunçu qıtlığı yaşanır. Buna görə də məşqçinin kimliyindən asılı olmayaraq xeyri yoxdur. Hazırda futzala axın dayanıb. İdmanın bu növündə uşaqlar demək olar ki, yoxdur. Eyni zamanda, yaxşı legionerlərin olmaması, çempionatda komanda sayının azlığı da millinin çıxışına təsir edir. Bizim vaxtımızda 5 güclü yerli, 4 legioner var idi. İndi isə hamı futzaldan minifutbola qaçır. Çünki orda maliyyə azdır və heç kim oynamaq istəmir”.
Qeyd edək ki, Fərəczadə minifutbol üzrə U-23 Azərbaycan millisinin və “AzNur” klubunun baş məşqçisidir.
Emin Ağa
İdman.biz