Ağatahir Əzimov: “Biz İsveçə hər zaman yerli futzalçılarla qalib gəlmişik”

Xəbərlər
17 Dekabr 2024 13:42
74
Ağatahir Əzimov: “Biz İsveçə hər zaman yerli futzalçılarla qalib gəlmişik”

“Hamımız millinin qələbə qazanmasını istəyirik. Amma çox çətin olacaq”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futzalçısı Ağatahir Əzimov deyib.

O, AVRO-2026-nın əsas seçmə mərhələsində İsveçlə matçı dəyərləndirib. Əzimov bildirib ki, bu oyunda qələbə qazanmaq çətin olacaq: “Güclü rəqib deyil. Amma biz də istənilən səviyyədə deyilik. Komandanın əksəriyyəti cavanlardan təşkil olunub. 2-3 nəfər də 40 yaşdan yuxarıdır. Orta yaşlı oyunçularımız yoxdur. Bundan əvvəl hər zaman braziliyalılar oynayıb. Sabiq baş məşqçi Alessio yerli futzalçılara şans vermirdi. Bu səbəbdən də çətin olacaq”.

Millinin sabiq kapitanın sözlərinə görə, İsveçin ilk matçda Yunanıstana 1:4 hesabı ilə uduzması oyuna hansısa təsir etməyəcək: “Onlar bacardıqlarını göstərəcəklər. Həmin matçdakı performansını bizə qarşı da sərgiləyəcəklər. Biz İsveçə hər zaman yerli futzalçılara qalib gəlmişik. Braziliyalı bizə lazım olmayıb. İndi də bunu bacararıq. Sadəcə komandada olan cavanların təcrübəsi kifayət qədər deyil. Oynadıqca tədricən artıqacaqlar”.

Qeyd edək ki, Azərbaycan - İsveç matçı Bakı İdman Sarayında saat 20:00-da start götürəcək.

Emin Ağa
İdman.biz