Millimizin baş məşqçisi: “Oyunların ağırlığını və intensivliyini nəzərə almışıq”

Xəbərlər
21 Mart 2025 12:59
44
Millimizin baş məşqçisi: “Oyunların ağırlığını və intensivliyini nəzərə almışıq”

“Hazırlıq plana uyğun şəkildə davam edir. Gün ərzində iki məşq keçirik. Çalışırıq fiziki hazırlığı yüksəldək, eyni zamanda taktiki planda tapşırıqlar yerinə yetiririk”.

İdman.biz xəbər veirir ki, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov hazırda davam edən təlim-məşq toplanışı ilə bağlı danışarkən deyib.

Mütəxəssis futbolçuların istəkli olduqlarını bildirib: “2-3 nəfərin zədəsi var. Həkim çalışır ki, səfərə qədər onları müalicə etsin. Bu mərhələyə də 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçı ilə yollanacağıq.

Səfərə qədər 2 oyun keçirəcəyik. Bu gün “Araz-Naxçıvan”la yoxlama, sabah isə çempionatın lideri “Baku Fire”lə rəsmi matçda üz-üzə gələcəyik. İki gün ərzində iki güclü rəqiblə qarşılaşmaq da qrup oyunlarına hazırlığın tərkib hissəsidir. Çünki komandamız martın 26-da və 27-də müvafiq olaraq Bosniya və Herseqovina və Xorvatiya ilə üz-üzə gələcək. Biz də oyunların ağırlığını və intensivliyini nəzərə almışıq”.

Baş məşqçi qarşılaşacaqları rəqiblərlə bağlı da fikirlərini bölüşüb: “Bosniya və Herseqovinanın iki oyununu izləmişik. Serbiya ilə matçın birində yenildilər, digərində qələbə qazandılar. Oyun üslubunu, zəif və güclü tərəflərini aydınlaşdırmağa çalışdıq. Xorvatiya və Türkiyə yığmaları haqda isə şifahi məlumatım var. Xorvatiya Avropanın ən güclülərindəndir və qrup oyunlarına ev sahibliyi edəcəklər. Tükiyə futzalı da son illərdə inkişafdadır.

İstənilən halda yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Bilirik ki, güc baxımından bu mərhələdə qarşılaşacağımız rəqiblərlə yanvarda üz-üzə gəldiyimiz komandalar müqayisə olunmayacaq dərəcədə fərqlidir”.

Qeyd edək ki, Avropa çempionatının əsas mərhələsi çərçivəsində martın 26-da Bosniya və Herseqovina, ertəsi gün Xorvatiya, martın 29-da isə Türkiyənin müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir. Martın 16-dan toplanışa başalayn komandamız ayın 25-də qrup oyunlarının keçiriləcəyi Xorvatiyaya yola düşəcək.

İdman.biz