“Startı Bosniya və Herseqovina ilə matçla verdik. Onların güclü olduğunu bilirdik”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycanın U-19 yığmasının futzalçısı Fariz Hüseynov deyib.
O, Avropa çempionatının əsas seçmə mərhələsinin Xorvatiya ilə oyunu barədə fikirlərini Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlayıb: “Ona görə də müdafiədə daha diqqətli oynamalı, topa sahib olduqda isə sürətli hücumlar qurmalı idik. Ancaq erkən qollar buraxdıq. Bundan sonra toparlanmaq çətin oldu və böyükhesablı məğlubiyyətlə üz-üzə qaldıq. Daha yaxşı, inamlı oynadıq. Bir növ Bosniya və Herseqovina ilə görüşdəki səhvlərdən nəticə çıxarmışdıq. Həm də Xorvatiyanın Türkiyəyə qarşı keçirdiyi oyunu da zalda izləmişdik. Rəqibimizi əyani görmüşdük. Çalışdıq səhvləri təkrarlamayaq, əksinə, düzəldək. Şükür olsun ki, bunu bacardıq. Xorvatiyadan heç də zəif oynamadıq”.
O bildirib ki, qol vurması sevindirici məqamdır: “Üstəlik, bu qolu Xorvatiya kimi güclü rəqibin qapısına vurursansa, ikiqat sevinc olur. Heyifslənirik ona görə ki, qələbəni əldən verdik. Oyunun böyük hissəsini hesabda üstün keçirdik. Sona 12 saniyə qalmış qol buraxsaq da, ruhdan düşmədik, sona qədər mübarizə apardıq və heç-heçə qolunu vurduq. Qələbə də qazana bilərdik. Bu oyunlar bizim üçün əvəzsiz təcrübədir. Qarşıda bir görüşümüz qalıb. Türkiyə millisi qrupun sürpriz nəticə qazanan kollektividir. Qardaş ölkənin yığması ilə də sona qədər mübarizə aparacağıq. Bu matça hazırlaşmaq üçün 1 gün vaxtımız olacaq. Çalışacağıq ki, bu mərhələdə ilk qələbəmizi qazanaq”.
Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu 3:3 hesabı ilə nəticələnib.
İdman.biz