Futzal üzrə Azərbaycan millisinin heyətində dəyişikliklər olub.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.
Avropa çempionatının əsas mərhələsi çərçivəsində aprelin 11-də səfərdə İsveç və aprelin 15-də Bakıda Xorvatiya yığmaları ilə qarşılaşacaq yığmamız dünəndən təlim-məşq toplanışına başlayıb. İlkin açıqlanan heyətdə 3 dəyişiklik edilib.
Nihat İsmayılov və Kamran Hacıyev zədəli olduğuna görə, Rövşən Hüseynli isə baş məşqçinin qərarı ilə toplanışdan kənarlaşdırılıb. Əvəzində Vitali Borisov “Neftçi” İK-dan qapıçı Vladislav Reznovu, “Şuşa”dan isə hücumçu Rüstəm Bağırovu düşərgəyə dəvət edib.
Qeyd edək ki, aprelin 8-dək Bakıda məşq edəcək komandamız ertəsi gün İsveçə yola düşəcək.
İdman.biz