Slovakiyanın bədii gimnastika üzrə yığmasının məşqçisi Adela Dimova Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
İdman.biz xəbər verir ki, o, Milli Gimnastika Arenasındakı toplanışlarını dəyərləndirib, Azərbaycan yığması ilə bağlı fikirlərini açıqlayıb.
- Bu sizin Bakıya ilk səfərinizdir?
- Xeyr, əvvəllər dəfələrlə burada olmuşam. Təlim-məşq toplanışlarında, eləcə də yarışlarda iştirak etmişəm.
- Necə oldu ki, yenidən məhz burada toplanış keçməyə qərar verdiniz?
- İlk növbədə burada yüksək təcrübəyə malik çoxlu peşəkarlar mövcuddur. Onlar hər zaman bizə köməklik göstərməyə hazırdırlar. Bakıya səfər etməyi çox xoşlayıram. Ab-hava və şərait yüksək səviyyədədir. Burada idmançılar hər gün fasiləsiz məşq edirlər. Biz yenidən buraya gəlib zaldakı enerjini hiss etmək qərarına gəldik.
- Təlim-məşq toplanışına necə idmançı ilə gəlmisiniz?
- Bir gimnastla gəlmişəm və onun şəxsi məşqçisiyəm. O, yığma komandanın heyətində yer alır. Bakıya səfərimizin məqsədi odur ki, bu ilki yarışlara daha da yaxşı hazırlaşaraq təcrübəmizi artıraq.
- Hansı yarışlara hazırlaşırsınız?
- Beynəlxalq, eləcə də ölkədaxili turnirlərə hazırlaşırıq.
- Burada nə üzərində məşq edirsiniz?
- Burada xoreoqrafiya üzərində işləyirik. Gimnastımız yığma komandanın fərdi gimnastları ilə birgə məşq edir. İstərdim ki, onların məşq prosesinə yaxından bələd olsun. Proqramına lazımi dəyişikliklər olunsun, yeni elementlər əlavə edilsin. Məsələn, “dalğa” və ya risk elementlərindən ibarət hərəkətlər. Yarışlar mövsümü başlamazdan əvvəl bu dəyişikliklərin olunmasını istərdik.
- Azərbaycan gimnastlarının proqramı nə ilə fərqlənir?
- Bilirsiniz, gimnastlarınız öz proqramlarını nümayiş etdirdikləri zaman insan özünü nağıllardakı kimi hiss edir. Adama elə gəlir ki, onların əllərindəki alətlər sehrlidir. Onlar çox fəaldırlar. Hər birinin özünəməxsus çıxışlarının olması xoşuma gəlir. Onlar təkcə bir proqram üzərində yox, müxtəlif kombinasiyalarda çıxış edirlər. Onların artistizmini, eləcə də alətlə çıxışlarını çox bəyənirəm. Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Mariana Vasileva mənim məşqçim olub. Mənə təkcə gimnastikada deyil, həm də həyatı öyrətdiyi üçün ona çox minnətdaram.
- Azərbaycan haqqında təəssüratlarınız necədir?
- Bakını çox sevirəm. Buranı çox bəyənirəm. Lakin məndə xoş təəssürat yaradan isə köhnə şəhərdir. Arenanı da bəyənirəm, çünki burada həm də qalmaq üçün şərait var. Təəssüf ki, bizdə bu cür şərait yoxdur. Bir sözlə, burada idmançılar üçün hər bir şərait yaradılıb.
- Bir məşqçi kimi gimnastlara nə məsləhət görərdiniz?
- Üzərilərində çox çalışıb özlərinə qalib gəlsinlər. Çünki özünə qalib gəlsən, bütün dünyanı fəth edə bilərsən.
İdman.biz