Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır - FOTO

Xəbərlər
3 İyul 2024 14:50
76
Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır - FOTO

Naxçıvan şəhərində 10 ilə yaxın bir fəaliyyət dövrü olan bədii gimnastika bölməsinə dəstək daha da artırılır.

İdman.bizin Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən regionda gimnastikanın inkişafına növbəti töhfə kimi həmin bölməyə 196 kvadratmetrlik bədii gimnastika xalçası hədiyyə olunub.

Avadanlığın çatdırılması və quraşdırılması işləri Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və nəzarəti ilə həyata keçirilib. Xalça idmançıların ixtiyarına bu gün verilib.

Nazir səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov yaradılan şəraitlə yerində tanış olub, eyni zamanda məşqçi, idmançı və valideynlərlə görüşüb, fikirlərini diqqətə çatdırıb. Onları bu yenilik münasibətilə təbrik edən nazir müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə idmanının inkişafı və qazanılan nailiyyətlər barədə danışıb. O cümlədən bədii gimnastikanın Naxçıvanda təşəkkülü və inkişafı tarixini xatırladaraq deyib ki, bölmə 2014-cü ildə nazirliyin nəzdində “Xatun” Bədii Gimnastika Klubu adı altında fəaliyyətə başlayıb. Dövlətin diqqət və qayğısı sayəsində şəraiti mərhələli şəkildə yüksəldilən bədii gimnastika bölməsi aktiv fəaliyyəti və uğurları ilə seçilir.

Məcid Seyidov əlavə edib ki, təmsil etdiyi qurumla Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AGF arasında uğurla davam edən əməkdaşlıq əlaqələri konteksində muxtar respublikada gimnastikanın inkişafı daim diqqətdə saxlanılır, məşqçi və idmançıların beynəlxalq yarışlarda, festival və təlim-məşq toplanışlarında iştirakı təmin olunur, maddi-texniki baza gücləndirilir. Məcid Seyidov birinci vitse-prezident, AGF-nin prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyində gimnastikanın hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü deyib, muxtar respublikada gimnastikaya göstərilən davamlı dəstəyin məşqçi və idmançılar üçün böyük stimul yaratdığını diqqətə çatdırıb.

Yaradılan şəraitə görə minnətdarlığını bildirən məşqçi Humay Qafarova idmançıların hazırlıq vəziyyəti və gələcək yarışlar haqqında məlumat verib. Qeyd edib ki, peşəkar gimnastika xalçasının mövcudluğu məşq elementlərinin icrasını asanlaşdıracaq və idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi üçün daha geniş imkanlar açacaqdır.

Sonda idmançıların məşq prosesi izlənilib, onlarla birgə xatirə fotosu çəkilib.

İdman.biz

Məqalədə: