Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov ötən ayın əlamətdar hadisələrindən danışıb.
İdman.biz xəbər verir ki, o, bunlar barədə fikirlərini rəhbərlik etdiyi qurumun saytında ənənəvi “Prezidentin qeydləri” rubrikasında bölüşüb.
“İyun ayı gözəl keçdi. Yay tətilinə baxmayaraq, ay vacib müzakirələr və qərarlarla zəngin idi.
İyunun 6-7-də Buxarestdə keçirilən Avropa Olimpiya Komitələrinin 53-cü Baş Assambleyasında iştirak etdim.
Gündəliyin əsas mövzularından biri 2027-ci ildə keçiriləcək növbəti Avropa Oyunları idi. İstanbul ev sahibi şəhər kimi təsdiqləndi. Sabbiadoro (İtaliya) şəhərinə 2027-ci il Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etmək həvalə edilib.
Baş Assambleya çərçivəsində milli olimpiya komitələrinin prezidentləri və müxtəlif idman növlərini təmsil edən Avropa federasiyalarındakı həmkarlarla görüşmək imkanım oldu.
Baş Assambleya aerobika gimnastlarımızın şousu ilə müşayiət olunan qala şam yeməyi ilə başa çatıb. Yeri gəlmişkən, 2024-cü il futbol üzrə Avropa çempionatının açılış mərasimində gimnastların çıxışları da olub. Bütün bunlar sübut edir ki, gimnastika təkcə yüksək nailiyyətlər idmanı deyil, həm də idmanın, musiqinin, incəsənətin gözəl vəhdəti və innovativ təqdimat vasitəsidir”.
O, həmçinin iyunun 14-15-də Avropa Gimnastikasının İcraiyyə Komitəsinin iclaslarına sədrlik etdiyini bildirib. “Bizim illik görüşlərimizdən biri ənənəvi olaraq Avropa Gimnastikanın üzvlərindən biri tərəfindən keçirilir. Bu dəfə Dublində görüşlərimiz üçün əlverişli yer təklif edən İrlandiya Gimnastikası oldu. Tədbir qarşıdan gələn Avropa çempionatının paytaxtlarının müəyyənləşməsi ilə yadda qaldı. Tədbirlərimizə tez-tez ev sahibliyi edən İtaliya, Fransa və Almaniya müvafiq olaraq 2026-cı ildə keçiriləcək “European Gym for Life Challenge” və EUROGYM, "Golden Age 2026” İdman Festivalı və 2025-ci ildə idman gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi edəcəklər. Qarışıq komandaların finalı sonuncu yarışın proqramına daxil ediləcək.
İrlandiya milli komandaları üçün yaradılmış təlim-məşq bazaları ilə tanış ola bildik. Bu ölkədə idmana məsul şəxslərlə söhbət etdik”.
Qayıbov qarşıdakı yarışlardan da danışıb: “Bu həftəsonu Avropa gimnastika ictimaiyyəti Bododa (Norveç) hər iki ildən bir keçirdiyimiz “European Gym for Life Challenge” və EUROGYM yarışlarının inanılmaz ab-havasını yaşayacaq”.
Qurum rəhbəri iki həftədən sonra start götürəcək Olimpiadadan da danışıb: “Parisdəki Yay Oyunlarına qatılmaq şansı qazanan olimpiya idman növlərinin bütün təmsilçiləri demək olar ki, artıq dördilliyin idman qatarının son dayanacağına çatıblar.
Arzu edirəm ki, hər bir gimnast Parisdəki Oyunlarda qazandığı uğurların sevincini hiss etsin”.
İdman.biz